2025-ci ildə 6,73 faiz təşkil edən AZIR indeksi, ötən ay 6,7 faizə enib - Taleh Kazımov
Pul-kredit siyasəti alətləri maliyyə bazarlarında formalaşan proseslər və bank sisteminin mövcud likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq olunur.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov İdarə Heyyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunmuş mətbuat konfransında səsləndirib.
Mərkəzi Bank tərəfindən pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirinin minimuma endirilməsi məqsədilə əsas açıq bazar əməliyyatı kimi 1 həftəlik depozit hərraclarından aktiv şəkildə istifadə edilmişdir. Nəticə etibarilə, təminatsız pul bazarında formalaşan faiz dərəcələri Mərkəzi Bankın müəyyən etdiyi faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın səviyyədə hərəkət etməkdədir.
Dekabr ayında uçot dərəcəsinin azaldılması fonunda AZIR indeksinin orta günlük səviyyəsində də enmə qeydə alınmışdır. Belə ki, 2025-ci ilin dekabr ayında 6,73 faiz təşkil edən AZIR indeksi cari ilin yanvar ayında 6,7 faizə enmişdir. Eyni zamanda, 2025-ci ilin iyul və dekabr aylarında uçot dərəcəsinin iki mərhələdə ümumilikdə 0,5 faiz bəndi azaldılması maliyyə bazarlarının müxtəlif seqmentlərində faiz dərəcələrinin aşağı düşməsi ilə müşayiət olunmuşdur.
Xüsusilə, son altı ay ərzində Mərkəzi Bankın notlarının və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla cəlb edilən yeni depozitlər və verilən yeni kreditlər üzrə faiz dərəcələrində azalma tendensiyası müşahidə edilmişdir ki, bu da pul-kredit siyasətinin ötürücülük mexanizminin effektivliyini əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB