“Ailələrdə təmir işlərinə olan maraq son illərdə artmaqdadır. İlk növbədə, yeni mənzilə köçən şəxslər yaşayışın ilk 5–10 ayı ərzində daha çox təmir və yenidənqurma işləri həyata keçirirlər. Bu, ailələrin mənzil şəraitini fərdiləşdirməyə və ehtiyaclarına uyğunlaşdırmağa çalışmaları ilə əlaqələndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
Eyyub Kərimli sözlərinə belə davam edib: “Eyni zamanda, ölkə üzrə genişmiqyaslı tikinti fəaliyyəti də bu tendensiyanı gücləndirir. Xüsusilə Qarabağ bölgəsində aparılan bərpa və yenidənqurma işləri, Bakı və digər regionlarda yeni yaşayış komplekslərinin inşası, köhnə məhəllələrin sökülməsi və yenidən salınması təmir işlərinə olan tələbatı artırır. Bu proseslər, əhalinin yaşayış sahələrinin yenilənməsinə və təkmilləşdirilməsinə yönəlmiş səylərini əks etdirir.
Digər mühüm faktor tikinti və təmir materiallarının idxalı ilə bağlıdır. Bu materialların əhəmiyyətli hissəsi, xüsusilə də Rusiya kimi xarici ölkələrdən gətirilir ki, bu da onların qiymətində artıma səbəb olur. Qiymət artımı öz növbəsində təmir işlərinin ümumi dəyərinə təsir edir.
Statistik məlumatlara əsasən, hər il ölkədə tikilən yeni mənzillərin sayında təxminən 15%-ə qədər artım müşahidə olunur. Bu da təmir sahəsinə olan tələbatın artmasına şərait yaradır. Bununla yanaşı, bir çox ailələr köhnə mənzillərini sökərək yenidən təmir etməyə üstünlük verirlər. Eyni zamanda, əhalinin artımı və yaşayış sahələrinə olan ehtiyacın genişlənməsi bu prosesi stimullaşdıran əlavə amillərdəndir. Nəticə etibarilə, bütün bu faktorlar tikinti və təmir sektorunun aktivliyini, eyni zamanda təmir xərclərinin artımını şərtləndirir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə