"Cənub Qaz Dəhlizi Avropa üçün xüsusi əhəmiyyət kəsb edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bakıda Cənub Qaz Dəhlizi kimi tədbirlərin keçirilməsi əlbəttə ki, növbəti dəfə Azərbaycanın qlobal səviyyədə əhəmiyyətini təsdiq etmiş olur. Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycan ön plana çıxıb. Özəlliklə də, Rusiyanın Ukraynaya təcavüzü, uzun sürən müharibə və Rusiyanın xüsusəndə Qərbə münasibətdə təcavüzkarlığı, Avropanı, ABŞ-ni bu dövlətlə daha ehtiyatlı və məsafəli davranmağa sövq edib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Avropanın enerji təchizatında Rusiya əsas rol oynayırdı: "Təbiidir ki, mühairbə başladıqdan sonra Qərb ölkələri Rusiyanın neftindən qazından imtina etməyə başladılar və alternativlərə ehtiyac duyuldu. Belə bir şəraitdə Cənub Qaz Dəhlizidə Avropa üçün xüsusi əhəmiyyət kəsb etməyə başladı. Azərbaycan yetərincə hazır olduğuna görə, bu prosesdə iştirak edir.

Əslində bizim dövlətimiz xilaskar rolundadır. Avropanın turacısı rolundadır. Yəni belə bir problemlə üz-üzə qalan Avropa Azərbaycan qazı və nefti hesabına vəziyyətdən çıxa bilir. Əlbəttə ki, bu bizim dövlətimizin əhəmiyyətinin nə qədər artdığının daha bir göstəricidir. Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən bu tədbir bizim dövlətimizin qlobal səviyyədə çox böyük əhəmiyyətə malik olduğunun göstəricidir.

Siyasi şərhçi qeyd edir ki, ümumiyyətlə enerji daşıyıcıları, özəlliklə də bu cür strateji enerji daşıyıcıları ölkələrin bir-birinə bağlılığını daha yüksək səviyyəyə daşıyır: "Yəni Azərbaycan qazını alan ölkələr təbiidir ki, Azərbaycanın bütün maraqları ilə hesablaşmalı olurlar. Bütün bunlar qarşılıqlı şəkildə olur. Yəni hansısa ölkə bizdən qaz alırsa, yaxud hansısa ölkə bizim qazımızdan asılı vəziyyətə düşürsə, o ölkə sadəcə bu sahədə deyil, başqa məsələlərdə də Azərbaycanın maraqlarını diqqətə almağa məcburdur. Niyə? Çünki istənilən halda bu cür məsələlər dövlətlərarasında bir çox hallarda kağız üzərinə yazılmayan öhdəliklərdə yaradır. Təbiidir ki, özünün daxili sabitliyini, özəlliklə bu enerji məsələsinin sabitliyini təmin etmək istəyən ölkələr Azərbaycanla hər hansı probleminin yaranmasına şərait yaratmır və yaratmamalıdır".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə