"Bizim ona ehtiyacımız o qədər də çox deyil" - ŞƏRH EDİLDİ

“Dünya bazarında pambıq və fındığın yerli istehsalçılara ciddi təsiri var. Biz pambığımızın və fındığımızın böyük hissəsini dünya bazarına satırıq. Dünya bazarındakı qiymətlər yerli istehsalçıların gəlirlərinin, həm də yerli bazarda qiymətlərin formlaşmasına təsir göstərir. Dünya bazarında əgər qiymətlər yaxşıdırsa, o zaman fındıq satışa çıxarılır. Pambıq isə qiymətindən asılı olmayaraq yığılır, çünki bizim ona ehtiyacımız o qədər də çox deyil. Yəni yerli geyim brendlərimiz və şirkətlərimizin çoxluğu üstünlük təşkil etmir. Pambığın qiyməti dünya birjasında formalaşır. Həmin qiymət isə bizim birbaşa MTK-ların qazancını yaradır. Fındıq və pambıq qeyri-neft sektorunda əsas ixrac istiqamətləridir”. Bu sözləri iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, xüsusən fındıq işi ilə regionda çox sayda işçi və sahibkarlar bununla məşğul olur: “Bu da qeyri-neft sektorunda məşğulluğun yaranmasına gətirib çıxarır. Bu qiymətlər həm pambıqda, həm də fındıqda ixracı artmış şirkətlərin satış gəlirlərinin əsas punktudur. Qiymətlərin qalxması təbii ki, ölkə üçün xeyirli addımdır. Pambığın qiymətləri son vaxtlar pisləşib. İlin əvvəlində pambığın qiyməti 100 dollar idisə, indi isə 67-68 dollara düşüb. Amma ümumi nəzərə yetirsək keçən il daha bahaydı, bu il isə ucuzlaşıb. Statistikaya əsasən keçən illə müqayisədə pambıq ixracımız sürətli şəkildə artıb. Yəni pambığın ixrac həcmində təxminən 50% artım var”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə