Türk dövlətləri arasında qadın sahibkarların əməkdaşlığı genişlənib

Türk dövlətləri arasında qadın sahibkarların əməkdaşlığı son dörd ildə əhəmiyyətli dərəcədə genişlənib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin sədri Səkinə Babayeva məlumat verib.

"Türk Ticarət və Sənaye Palataları Birliyi fəaliyyətə 56 iştirakçı ilə başlayıb, bu gün isə 14 mindən çox qadın sahibkarı birləşdirir. Bu inkişaf Avropa İttifaqının yaranma dövrünü xatırladır və türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsində mühüm rol oynayır", - deyə o bildirib.

Onun sözlərinə görə, təşkilatın rəhbərliyi hər iki ildən bir üzv ölkələr arasında dəyişir. Son dövrdə Azərbaycanın sədrlik vəzifəsini Qazaxıstana ötürməsi qurumun dinamik inkişafının göstəricisidir.

"Qida təhlükəsizliyi, logistika və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur", - deyə S.Babayeva vurğulayıb.

Komitə sədri qeyd edib ki, sovet dövründə əsasən təhsil və tibb sahələrində üstünlük təşkil edən qadın mütəxəssislərin fəaliyyət dairəsi bu gün marketinq, menecment, İT və digər biznes sahələrinə doğru genişlənir.

"Əsas hədəflər qadınların liderlik qabiliyyətlərinin inkişafı, mikro və orta biznesin gücləndirilməsi, həmçinin onların iri biznes sahələrində təmsilçiliyinin artırılmasıdır", - deyə S.Babayeva əlavə edib.

Qeyd edək ki, Qazaxıstanın paytaxtında Türk Ticarət və Sənaye Palataları Birliyinin III Baş Assambleyası və Qadın Sahibkarların Biznes Forumu keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə