Qızılın qiymətinin artmasına hansı amillər təsir göstərib? - İQTİSADÇI DANIŞDI

"Daxili bazarda baş verən bahalaşma bir neçə xarici amillə bağlıdır. Ukraynada davam edən müharibə dünyada qütbləşməyə səbəb olub. Müharibə ilə əladəqar Rusiyaya qarşı tətbiq edilən sankiyaların sayı gün keçdikcə daha da artıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn deyib.

Onun sözlərinə görə, digər tərəfdən isə Rusiya düşdüyü vəziyyətdən çıxmaq üçün Çinlə ticarət və iqtisadi əlaqələrini daha da gücləndirib: "Ötən il iki ölkə arasındakı ticarət əlaqaləri müharibənin yeni başladığı 2021-ci illə müqayisədə bir neçə dəfə artsa da, ümumi dəyər bir neçə dəfə azalıb ki, bu da dollarla nisbətdə baş verib.

Hazırki durumdan belə aydın olur ki, böyük bir bazara malik olan Rusiyanın dollarla ticarət əməliyyatları yox dərəcəsindədir. İş orasındadır ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən dünya bazarında da dollara olan inam və etibar azalmağa başlayıb. Çünki milyonlarla, milyardlarla sərvət sahibləri öz ehtiyatlarını dollarda deyil, qızılda saxlamağa üstünlük verirlər”.

Digər səbəbi də açıqlayan R.Hüseyn bildirib ki, bazarda təklif olunan qızılın miqdarı aşağı düşür: “Tələb isə kifayət qədər çoxdur. Bu da qiyməti formalaşdıran əsas amildir. Dünyanın siyasi arenasında və iqtisadi bazarlarda baş verən bütün hadisələr qızılın dəyərini artırıb. Əgər qütbləşmə dərinləşərsə və münasibətlər daha da pisləşərsə, yaxın gələcəkdə qızıla olan tələb daha da artacaq. Bu da qızılın qiymətlərinin artımına səbəb olacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə