"Qiymət qalxsa da, tələbat əvvəlki kimi olacaq" - EKSPERT BİLDİRDİ

"Tütün məmulatları büdcəyə gəlir gətirdiyi üçün aksiz dərəcələrinin artırılması, demək olar ki, hər il gündəmdə olur. Büdcənin əsas gəlirlərinin formalaşmasında tütün məmulatları və alkoqollu içkilərin bəlli payı var. Düşünülür ki, bu məhsulların aksiz dərəcələrinin artırılması sonda büdcənin gəlirlərinin artmasına gətirib çıxaracaq". Bu sözləri SİA-ya iqtisadçı ekspert Rauf Qarayev deyib.

Onun sözlərinə görə, büdcə gəlirləri qismən artır: "Qiymət artımı da olur. Tələbatla bağlı boşluğu doldurmaq üçün İran bazarı təklif olunur. İrandan gətirilən siqaretlər isə nisbətən ucuz olsa da (1,6-1,7 AZN), keyfiyyət baxımından standartlara cavab vermir. İnsan orqanizminə fəsadları daha çoxdur”.

Ekspert qeyd edib ki, qiymətlər qalxsa da, tələbat əvvəlki kimi olacaq: “Siqaret asılılıq yaratdığı üçün tələbat daim olacaq. Siqaret dünya üzrə gəlirli bazarlardan hesab olunur. Yəni, qiyməti artsa da, alanları tükənməyəcək. Bəzən aksiz dərəcələri olmayan siqaretləri satış rəflərində görmək olar. Ola bilsin ki, keyfiyyətsiz siqaretlərin bazarda ümumi çəkisi də artsın. Tələbatın ödənilməsi üçün hətta ola bilər ki, həmin siqaretlərin tərkibində heç tütün olmasın.

Təəssüf ki, bir çox məqamlarda bizdə hansısa bir addımı atılanda bazar təhlil olunmur, lazımi məqamlar nəzərə alınmır. Mümkün fəsadlardan qaçmaq üçün yaxşı olar ki, ekspertlərin də rəyi öyrənilsin”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə