"Bakı Metropoliteni"ndə il ərzində hansı işlər görülüb? - QURUM RƏSMİSİ DANIŞDI

"Bakı Metropoliteni" QSC post-pandemiya dövründən sonra sərnişindaşımanın artdığı ilk ilini keçirir. Ümumilikdə ilk böyük yenilik ötən ilin sonunda alınmış 4 yeni qatar tərkibindən 3-nün xəttə buraxılması oldu. 20 vaqondan 15-i ilin ilk rübündə sazlama-sınaq işlərindən sonra xəttə buraxılıb. Yeni qatarların sayı isə 23-ə çatdırılıb. Təbii ki, ötən ilin son günlərində istifadəyə verilmiş "Xocasən" stansiyası və elektrik deposu ilə bağlı 2023-cü il ərzində müvafiq tədbirlər görülüb. İlk növbədə "Bakı Metropoliteni"nin ikinci və müstəqillik dövrünün ilk elektrik deposu kimi "Xocasən" elektrik deposunun istifadəyə verilməsi əlamətdar hadisə idi". Bu sözləri SİA-ya açıqlamasında"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bənövşəyi xətt üzrə qatarlara baxışın keçirilməsi, ümumiyyətlə depo infrastrukturunun qurulması baxımından kifayət qədər əhəmiyyətli işlər görülüb: ""Xocasən" stansiyası isə "Bakı Metropoliteni"nin ikinci yerüstü stansiyası kimi fəaliyyətə başladığı dövrdən təxminən 3 ay müddətində sərnişindaşıma monitorinqləri aparılaraq ilin ikinci yarısından konkret qrafik üzrə qatarların hərəkəti təmin olundu. Həmin vaxta qədər əsas sərnişin tələbləri, gediş-gəliş vaxtları və s. öyrənildi".

Qurum rəsmisi bildirib ki, bu il metropolitendə altı yeni ventilyator tətbiq olunub: "Eyni qayda ilə 6 yeni süni havalandırma sisteminin daha da gücləndirilməsi müasir standartların tətbiqi baxımından əhəmiyyətlidir. Son illərdə isə metropolitendə təbii havalandırmanın effektivliyinin artırılması məqsədilə demfer sisteminin quraşdırılmasına başlanılıb. Bu da onların quraşdırıldığı stansiyalarda öz effektivliyini göstərib. Bu istiqamətdə əsas işlər görülüb. Elektrik deposunda əhəmiyyətli yeniliklər, modernləşdirmə işlərinin davam etdirilməsi, iki yeni qatarların gecələmək üçün dayandığı və baxışın həyata keçirildiyi yer olan qanov quraşdırılıb. Qatarların xəttə verilməsi üçün kommunikasiya sistemləri ən müasir standartlar səviyyəsinə çatdırılıb. Bu ilin əhəmiyyətli yeniliklərindən biri qataraltı avadanlıqların üfürülməsi sahəsinin istifadəyə verilməsidir. Qatarların avtomatik yuyulması, təmizlənməsi sahəsində də modernləşdirmə işləri aparılıb. Yaxın vaxtlarda bu məsələ ilə bağlı ətraflı informasiya veriləcək".

"Davamlı olaraq metropolitenin optimallaşdırma sahəsi ilə bağlı xüsusi addımların atıldığını qeyd edə bilərik. Sərnişinlərə xidmət sahəsi ilə yanaşı, işçi personalın keyfiyyətinin artırılması baxımından da 2023-cü il xüsusi əhəmiyyətə malikdir. Metropoliten xüsusilə ali təhsil ocaqları ilə əlaqələri genişləndirib. Universitetlərdə metropoliten nümayəndələrinin tələbə heyəti ilə görüşməsi, praktiki olaraq onların "Bakı Metropoliteni"ndə təcrübəçi layihəsi çərçivəsində işə cəlb olunması onların karyerasının başlaması baxımından uğurlu sayılır. Eyni zamanda, bu addımla metropolitenin kadr potensialı güclənmiş olur. Atılan bu addımların hər birini il ərzində həyata keçirilmiş yenilik kimi qeyd edə bilərik",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə