Polietilen torbaların ödənişli olması istifadəni azaldıb? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

"Polietilen torbaların ödənişli olmasının bu torbalardan istifadənin azalmasına elə də ciddi təsirini görmürük. Faktiki olaraq əhali arasında aparılan sorğular, ekspertlərin müşahidələri göstərir ki, qanun gözlənilən effekt vermədi. Əslində polietilen torbaların ödənişli olmasının başlıca səbəbi odur ki, ətraf mühiti çirkləndirən bu vasitələrdən istifadə minimuma endirilsin, həm də onların satışından əldə olunan vəsaitdən dövlət büdcəsinə vergi köçürülsün". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib.

Onun sözlərinə görə, bu torbalardan istifadə edənlərin 48 faiz azalması real statistika olsa belə, bu yenə də ekoloji cəhətdən təmiz olan kağız və parça torbalara keçidi stimullaşdıra bilməyib: "Sadəcə insanlar əvvəl mağazaya girəndə aldığı hər məhsulu ayrı polietilen torbaya qoyurdusa, ödənişli olandan sonra birini alır. Axı bu zərərli torbalardan istifadə edən əhalinin sayının azalması deyil, dediyim kimi, pullu olduğu üçün insanlar 3 yox, 1 torba ilə kifayətlənir. Üstəlik, mağazalarda müştərilərə kağız paketlər təklif olunmur. Onlardan ancaq şirniyyat bölməsində istifadə edirlər. Kassalarda yenə də vətəndaşa “klyok” verək?” təklifi edilir. Sovet dövründə əhalinin həsirdən, yaxud da daimi istifadə üçün parçadan zənbilləri olurdu, bazarlığa da onunla gedirdilər. Məqsəd bu ənənəni yenidən aktuallaşdırmaq idi, lakin nail ola bilmədilər. Polietilen torbalardan hazırda da geniş istifadə olunur və ekologiyanı çirkləndirməyə əvvəlki kimi davam edirlər”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, polietilen torbaların keyfiyyətinə nəzarət də düzgün aparılmır və istehsalçı burada polietilen torbaları incəldərək, keyfiyyətini azaldaraq əlavə qazanc əldə edir: "Nəticədə, bu da insanları əlavə polietilen torba almağa sövq edir. Polietilen torbalar yırtıldığı zaman onu yenisi ilə əvəz etsinlər. İri marketlərdən kənar satılan polietilen torbalar da əvvəlki kimi keyfiyyətli deyil. Polietilen torbaların üzərində marketlərin loqoları yerləşdirilib. Yəni polietilen torbalardan istifadə edən hər bir alıcı marketi reklam edir. Şirkətlərin gəlirinin 40 faizinə yaxını marketinq siyasətinə xərclədiyini nəzərə alsaq, burada demək olar ki, heç bir xərc çəkmədən özünü reklam edir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə