"Qiymət artımı inflyasiyaya təsir göstərir" - İQTİSADÇI İZAH ETDİ

"Maliyyə Nazirliyinin açıqlamasında da əks olunur ki, hazırda inflyasiya yüksəkdir. Ona görə də dövlət büdcəsində irihəcmli artımlar edilmir. Yəni, büdcə artımlarına ehtiyatla yanaşırlar. Büdcə artımı dövriyyədəki pul kütləsinin yüksəlməsinə xidmət edə bilər ki, bu da inflyasiyanı sürətləndirə bilər. Əslində, inflyasiya elə qiymət artımı deməkdir. Söhbət ümumi olaraq qiymət artımından gedir. Bu o deməkdir ki, Azərbaycan hökuməti 2024-cü ilin dövlət büdcəsini tərtib edərkən artımlara ona görə ehtiyatla yanaşır ki, qiymət artımını stimullaşdırmasın". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib.

Onun sözlərinə görə, dövriyyəyə çoxlu pul vəsaitinin daxil olması qiymət artımını sürətləndirir: "Ona görə də hökumət bunu ehtiyat tədbiri kimi qəbul edir. Bu o deməkdir ki, biz dövlət büdcəsini daha çox artıra bilərik. Amma dövlət büdcəsinin artımını maksimuma çatdırmırıq ki, ölkədə daha çox qiymət artımı olmasın və inflyasiya təzyiqlərini artırmasın. Əslində inflyasiya qiymət artımına deyil, qiymət artımı inflyasiyaya təsir göstərir. Ayrı-ayrı məhsulların qiymətinin qalxması ümumi bahalaşmaya gətirib çıxarır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə