"Azərsu"ya ayrılan vəsait problemləri həll edəcək? - RƏYLƏR

Prezident İlham Əliyev İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan on bir min nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçay çayından çəkilmiş magistral su kəmərinin və kəndlərin daxili su şəbəkələrinin yenidən qurulması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 12 milyon manat ayrılıb. SİA mövzu ilə bağlı iqtisadçıların fikirlərini öyrənib.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli: "Azərbaycanda artıq suyun saflaşdırılmasını təmin edən qurğular mövcuddur. Söhbət Kürdən gələn sudan gedir. Çünki Ceyranbatandan və Qəbələ kəməri ilə gələn suyun saflaşdırılmasına ciddi ehtiyac yoxdur. Sadəcə bu suları müəyyən dərəcədə xlorlaşdırırlar. Bu da adi prosedurdur.

Azərbaycan Prezidentinin dünən imzaladığı sərəncam nəticəsində "Azərsu"ya ayrılan 12 milyon vəsaitlə problemlərin həll olunacağını düşünmürəm. Bu vəsait yəqin ki kəmərlərin, qurğuların təmiri və müəyyən ehtiyat hissələrinin alınmasına xərclənəcəkdir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 50 milyon da ayrılsa, onlar bunu xərcləməyə yer tapacaqlar. Məsələ burasındadır ki, dünyada bu işlə özəl şirkətlər məşğul olur. Onlar həm əhalini su ilə təmin edərək pul qazanırlar, həm də dövlətə vergi ödəyirlər. Bizdə isə "Azərsu" hər kubu 1 manatdan əhaliyə su satır, digər tərəfdən hər il əhalidən yığılan vəsaitdən ən azı 30-40 dəfə çox dövlət büdcəsindən vəsait alır.

2020-ci ildə Hesablama Palatası açıq şəkildə bəzi yoxlamaların nəticələrini elan etmişdi. O zaman məlum olmuşdu ki, 2019-cu ilin göstəricilərinə görə "Azərsu" büdcəyə ödədiyindən 40 dəfə çox dövlət büdcəsindən vəsait alıb. Bu o deməkdir ki, biz 1 manat ödəyiriksə, onun əvəzində 40 manat dövlət büdcəsi ödəyir. Hesab edirəm ki, bu problemlərin həlli üçün bütün dövlət şirkətlərini, o cümlədən, "Azərsu" ASC-ni özəlləşdirməliyik. Özəl şirkətlər olduqda onlar arasında rəqabət olacaq, suyun optimal qiyməti müəyyənləşəcək. Su təminatında çətinliyi aradan qaldırmaqdan ötrü hökumət dövlət büdcəsindən əhaliyə kompensasiya ödəyə bilər. Yəni, bu sistem dəyişilməlidir".

İqtisadçı Eldəniz Əmirov: "Dövlət başçısının sərəncamı ilə "Azərsu"ya ayrılmış 12 milyon manat vəsait İsmayıllıda yaşayış məntəqələrinin su ilə təminatının həyata keçirilməsinə xərclənəcəkdir. Qeyd edildiyi kimi, bu əslində tam məbləğ deyil, ilkin olaraq ayrılmış vəsaitdir. Görünür, sonrakı dövrlərdə əlavə vəsaitlər xərclənəcək. Bütün hallarda bu, təqdirəlayiq addımdır. Lakin ayrılan 12 milyon problemlərin aradan qaldırılması üçün yetərli olmayacaq. Mütləq ki əlavə vəsaitlərin ayrılmasına ehtiyac yaranacaqdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə