"Onların bu addımı marketinq hiyləgərliyidir" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

"Bəzi banklar fırıldaqçılıq yolu ilə insanları özlərinə cəlb edirlər. Faiz adı altında talançılıqla məşğul olurlar. Əslində bu, tək banklarda deyil, adi mağazalarda da var. Misal üçün bu yaxınlarda Sədərəkdə olan yağış səbəbi ilə xalçaların qiyməti 10-30 manat qeyd edirdilər. Xalçaları almaq istəyənlər ora yaxınlaşdıqda isə başqa mənzərənin şahidi olublar. Qiymətlər qeyd olunandan daha yüksək idi. Misal üçün 30 deyə qeyd etdikləri xalça 200 manata satılırdı. Nəticədə onu qeyd etmək olar ki, bu sadəcə marketinq hiyləgərliyidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.

Onun sözlərinə görə, başqa mağazalarda da belə hallar yaşanır: "Sahibkarlar müştərinin digər yerə getməsinin qarşısını almaq, gələn müştəriyə ən azı nəsə satmaq istəyirlər. Əsas müştəri qeyd olunan mağazaya gəlsin. Bundan sonra isə gələn müştəri psixoloji təsirlər nəticəsində oradan nəsə alıb gedəcək"

İqtisadçı sözlərinə davam edərək bildirib ki, banklara gəldikdə isə burada rəqabət var: "Amma rəqabət çox vaxt qurulan marketinq hiyləgərliyindən keçir. Bu üsula hətta ölkənin ən iri bankları da əl atır. Biznes baxımından belə hallar olur. Banklar belə addım atdıqda krediti götürmək istəyən şəxslər xidmətdən kütləvi imtina etsələr, bank bu baxımdan öz siyasətini dəyişər. Bundan əlavə, Mərkəzi Bank da buna ciddi nəzarət etməlidir. Səbəb odur ki, banklar üzrə istehlakçıların hüquqlarının müdafiəsi onların səlahiyyətinə aiddir. Aldanan şəxslər rəsmi olaraq belə halların olması və bankın 10 faiz, sonradan istehlak krediti ilə bağlı 14 faiz qeyd edilməsi ilə bağlı sübutları Mərkəzi Banka təqdim etməlidir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə