Pensiya yaşı azaldılır? - DİQQƏT! - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

"Pensiya yaşının azaldılması hökumətin qərarından asılı olacaq. Lakin pensiya yaşı ədalətli deyil. Bunun bir neçə səbəbi var. Azərbaycanda pensiya yaşı Avropadakı ilə eynidir. Amma Azərbaycanda yaşayan insanın ehtimal olunan ömür müddəti Avropada yaşayan birinin ömür müddətindən ən azı 9-10 il daha qısadır. Bu o deməkdir ki, ölkədə pensiya yaşı Avropadakına çatdırılsa da, ömür müddətinin ona çatdırılmasına hələ çox var". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, ömür müddətinin eyni olmadığı halda pensiya yaşının Avropadakı ilə eyni olması ədalətli qərar deyil: "Avropada bir insan pensiyaya çıxdıqdan sonra onun ən azından 15-16 il yaşayacağı gözlənilir.

Hökumətin vətəndaşların az müddət pensiya almasını məqsədəuyğun hesab etməsi həm də onların daha az məbləğdə pensiya almasına gətirib çıxarır".

İqtisadçı sözlərinə davam edərək bildirib ki, hər birimiz pensiyaya çıxdıqda alacağımız məbləğin həcmi müəyyənləşir: "Bizim toplam pensiya kapitalımız 12 ilə bölünür. Tutaq ki, bizim pensiya kapitalımızda 60 min manat var. Bu məbləğ 144 aya bölünür və bizim pensiyamız formalaşır. Amma faktiki olaraq Azərbaycanda pensiya yaşı 65, insanların gözlənilən ömür müddəti isə 73,6 il olması o deməkdir ki, aylıq pensiya məbləği azdır. Yəni, pensiya kapitalımız 144 aya bölünsə də, təxminən 108 ay yaşayırıq. Bu da pensiyaçıların sosial təminatına mənfi təsir göstərir. Bu baxımdan pensiya yaşının azaldılması yaxşı olar. Amma təbii ki, bu qərar sadəcə hökumətdən asılıdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə