"Bu sahəyə qoyulan vəsait heç vaxt boşa getmir" - DEPUTAT ŞƏRH ETDİ

"Ataların çox yaxşı bir sözü var: "Mədəniyyət yoldan başlanır". Əlbəttə ki, yolu abad olan kənd şəhər sayılır. Ona görə də ölkə rəhbərinin bu gün yollarımızın tikintisinə, körpülərin salınmasına göstərdiyi diqqət mədəniyyətimizə, inkişafımıza verilən töhfədir. Yeni Qubadlı-Laçın yolunun layihələndirilməsi və tikintisinə ayrılan 20 milyon manat vəsait onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəaliyyəti dövründə yolların, regionların inkişaf etdirilməsinə göstərilən diqqəti, qayğını bir daha yüksək səviyyədə həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə yolların çəkilməsi, həmin ərazilərin abadlaşdırılması strateji əhəmiyyətə malikdir: “Çünki həmin ərazilər turizmin, aqrar sektorun inkişafı, eləcə də bir çox mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün çox əlverişlidir. Bu gün Şuşaya səfər edənlər dağıdılmış, məhv edilmiş tikililəri görəndə təəssüf hissi keçirdikləri kimi, bərpa olunmuş yolları, körpüləri, təyyarə meydanlarını görəndə də sevinirlər”.

“Vətəndaşlarımızın o ərazilərə köçürülməsi bir daha təsdiqləyir ki, işğaldan azad olunmuş Qarabağ torpaqları cənnətə çevriləcək. Bu, həm də iqtisadiyyatımızın inkişafı üçün çox vacibdir. Çünki bu yollardan istər xarici ölkə vətəndaşları, istərsə də yerli vətəndaşlarımız istifadə edəcəklər. Yol mədəniyyətdir. Hesab edirəm ki, bu sahəyə qoyulan vəsait heç vaxt boşa getmir, özünü doğruldur və ölkə iqtisadiyyatının inkişafına xidmət edir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə