Azərbaycanda Aİ-92 və Aİ-95 bahalaşır? - İQTİSADÇI ŞƏRH ETDİ

“Azərbaycanda benzinin qiymətinin artırılması üçün ciddi iqtisadi əsaslar yoxdur. Birincisi, dünya bazarında neftin orta qiyməti kəskin şəkildə dəyişməyib. Son bir il yarım müddətində bu orta qiymət təxminən 80 dollar ətrafındadır. Azərbaycanda benzin istehsalında marjinal fayda aspektindən üstünlüklər hələ də qorunmaqdadır. Maya dəyəri baxımından ölkədə ciddi problemlər yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

“Digər bir məsələ isə odur ki, Azərbaycan faktiki olaraq ikirəqəmli inflyasiya ilə üz-üzədir. Benzin də o məhsul növlərindəndir ki, onun qiymətinin dəyişməsinin təsiri iqtisadiyyatın digər bütün sahələrində müşahidə olunur. Yəni, malda xidmətin istehsalının böyük əksəriyyətində maya dəyərində bu məhsul növünün əks olunması o deməkdir ki, qiymət dəyişikliyinin həmin məhsulların və xidmətlərin də qiymətlərinə birbaşa və dolayısı yolla təsiri olacaq. Bu baxımdan yüksək inflyasiyanın olduğu və hökumətin bu inflyasiyaya təzyiq cəhdlərinin müşahidə edildiyi halda belə bir qərarın qəbul edilməsi dövlət siyasəti ilə ziddiyyət təşkil edir. Ona görə də benzin qiymətinin artmasını aşağı ehtimal olunan addım kimi qiymətləndirirəm”,- deyə o əlavə edib.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, təbii ki, bir sıra hallarda Azərbaycanda qəbul edilən qərarların rasionallıq baxımından mübahisəli tərəfləri olur: “Qərarlar bəzi hallarda iqtisadi əsaslandırma baxımından çox zəif olur. Bu səbəbdən benzinin qiymətində artım olub-olmayacağı ilə bağlı 100%-lik proqnozlar vermək çox çətindir. Lakin bugünkü gündə belə bir qərarın verilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Büdcə gəlirləri aspektindən də məsələyə baxsaq görərik ki, ölkəmizdə adətən yanacağın qiyməti fiskal narahatlıqlar ortaya çıxdıqda artırılır. İndiki halda büdcə gəlirlərinin icrası ilə bağlı ciddi problemlər yoxdur”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə