Fermerlər üçün güzəştli kreditlər hansı şərtlərlə təklif olunur? - QURUM RƏSMİSİ AÇIQLADI

“Bildiyiniz kimi, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən fermerlərə müxtəlif istiqamətlərdə maliyyə dəstəyi formaları təqdim olunur. Sözsüz ki, maliyyə alətlərinin xüsusiyyətlərindən asılı olaraq onların şərtləri də bir-birindən fərqlənir. Həmin şərtlərə ödəniş müddətləri, faiz dərəcələri və s. daxildir. Bizim bu gün üçün fermerlərə təklif etdiyimiz kreditləri əsasən üç istiqamətə görə bir-birindən fərqləndiririk”. SİA xəbər verir ki, bu sözləri açıqlamasında Aqrar kredit və inkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov deyib.

Onun sözlərinə görə, bunlardan birincisi, kənd təsərrüfatı istehsalı vasitələrinin maliyyələşdirilməsidir: “Kənd təsərrüfatı istehsalı vasitələri dedikdə əkin-biçin texnikaları, suvarma sistemləri, müxtəlif aqreqatlara kredit və ya lizinq formasında vəsaitlərin ayrılmasını nəzərdə tuturuq. Kənd təsərrüfatı texnikalarının kreditləşməsi üzrə əsas şərtlər bundan ibarətdir ki, verilən kredit və ya lizinqin müddəti 5 ilədək nəzərdə tutulur. Həmin kredit və ya lizinq vəsaiti üzrə əlavə nəzərdə tutulmuş vəsaitlər dövlət tərəfindən qarşılanır”.

“İkinci bir istiqamət mikrokreditlərin verilməsindən ibarətdir. Burada 15 min manatadək sırf kənd təsərrüfatı sahəsində kiçik ailə-fermer təsərrüfatları və ya fermerlər üçün ayrılan kredit məbləğindən söhbət gedir. Bu kreditlərin illik maksimal faiz dərəcəsi 12-dir. Təbii ki, məbləğ az olduğuna görə müddətlər də bir qədər qısadır. Bu kredit növü 3 ilədək qısa bir müddətdə verilir. Digər bir istiqamət isə 200000 manatadək nisbətən orta və iri məbləğli, müxtəlif kənd təsərrüfatı təyinatlı aşağı faizli kreditlərin verilməsindən ibarətdir. Bu növ kreditlərdə müddət əsasən 3-5 ilədək olur. Maksimum faiz dərəcəsi 7-dir. Ümumilikdə bu kreditlərdə məbləğ daha böyük olduğu üçün ödəmə müddəti də daha uzun olur”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə