Rusiyadakı dəyişiklik Azərbaycanda taxıl məhsullarının qiymətinə necə təsir edəcək? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

"Məlum olduğu kimi, 2021-ci ildən Rusiya taxıl, qarğıdalı və arpa məhsullarının ixracatını tənzimləmək üçün tənzimlənən və üzən rüsum siyasətini tətbiq etməyə başlayıb. Bu ildə həmin rüsumlar bir neçə dəfə qısamüddətli və uzunmüddətli olaraq qaldırılır və ya endirilir. Təbii ki, bu, həmin məhsulların ixracını tənzimləmək üçün həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılması da bu siyasətin nəticəsidir: "Hazırda bu artım qısamüddətli nəzərdə tutulub. Artım 29 avqust tarixinə qədər davam edəcək. Taxılın hər tonuna 5 dollar artım tətbiq ediləcək. Qarğıdalı və arpada isə nəzərdə tutulan artım daha çoxdur. Arpanın ixrac rüsumunda iki dəfə artım nəzərdə tutulub. Bu, təxminən arpanın hər tonuna 4 dollar artım deməkdir. Qarğıdalının isə hər tonuna görə 2 dollar artım müşahidə olunacaq".

"Düşünürəm ki, bu qısamüddətli artımın Azərbaycana idxal olunan taxıla hələ ki çox böyük təsiri müşahidə edilməyəcək. Lakin bu artımlar daha uzun müddət davam etsə, əlbəttə mənfi nəticələrin şahidi ola bilərik. Təhlillər onu göstərir ki, Rusiya ilin əvvəlindən artıq bir neçə dəfə bu rüsumları artırıb. Bu siyasət davam etsə, onun təsirləri Azərbaycanda da özünü büruzə verəcək. Belə ki Azərbaycanın istehlak etdiyi taxılın 60%-i Rusiyadan idxal olunur. Bu cür artım tendensiyası ölkəmizdə taxılın və unun qiymətinin artmasına səbəb ola bilər",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə