"Qarşılıqlı əlaqələr alternativ enerji mənbələrindən istifadəyə təsir göstərəcək" - İQTİSADÇI DANIŞDI

"Müstəqillik dövründə Macarıstan və Azərbaycan arasında olan münasibətləri üç fazaya ayırmaq olar. Bunlardan birincisi, müstəqilliyin başlanğıcından 2010-cu ilə, ikincisi 2010-cu ildən 2022-ci ilə, üçüncüsü isə Rusiya-Ukrayna mühəribəsi başladıqdan sonra yəni, 2022-ci ildən indiyədək olan dövrdür. Məhz birinci fazanın sonunda, yəni 2010-cu ildə Macarıstan və Azərbaycan arasında olan əməkdaşlığa dair razılaşmanın əldə olunması münasibətlərə stimul verdi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycan-Macarıstan beynəlxalq biznes forumu keçirildi: "Elə həmin ildə Azərbaycan və Macarıstan arasında olan ticarət dövriyyəsi tarixinin maksimumuna yəni, 95 milyon dollara çatdı. Hazırda isə iki ölkə arasında ticarət dövriyyəsi 47,3 milyon dollardır ki, bunun 2,3 milyonu ixrac, 45 milyon dolları isə idxaldır. Göründüyü kimi, daha çox məhsul idxal edirik. Amma Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra artıq yeni bir faza başladı. Belə ki, Macarıstanın Azərbaycana olan enerji ehtiyacı iki ölkə arasında münasibətləri yeni fazaya çəkirdi. Bu zaman artıq Azərbaycanın ixracı birmənalı olaraq idxalı üstələyəcəkdir". "Razılaşmaya görə, Macarıstana il ərzində bir milyard kubmetr qazın ixracı planlaşdırılır. Bu isə ticarət dövriyyəsini 2014-cü ildəki göstəricidən daha yuxarı səviyyəyə çatdırmağa imkan verəcək. Eyni zamanda, qarşılıqlı əlaqələr alternativ enerji mənbələrindən istifadəyə də təsir göstərəcək. Belə ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında imzalanmış anlaşma memorandumu ilə Qara dənizin dibi ilə çəkiləcək kabel xətti vasitəsilə Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisinin Macarıstana qədər ixracı nəzərdə tutulur"- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə