"Verilən qərar avtomobil parkının yenilənməsinə səbəb olacaq" - İQTİSADÇI DANIŞDI

"Bildiyiniz kimi, istehsal tarixi 10 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulması ilə bağlı qərar verilib. Bu qərar ölkədə avtomobil parkının yenilənməsinə müsbət təsir göstərəcək. Bu, həm ətraf-mühitin çirklənməsinin qarşısını alacaq, həm də ölkəyə daha yaxşı texniki vəziyyətdə olan avtomobillərin idxalını təmin edəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, ölkədə 1 milyon 300 min ədəd avtomobil var: "Bu avtomobillərin 75%-nin istehsal tarixi 10 ildən yüksəkdir. Bu da avtomobil parkının çox köhnə olmasının isbatıdır. Həmin avtomobillərin ekoloji zərərləri də yüksəkdir. Hesab edirəm ki, bu qərar həm də daxili bazarda köhnə avtomobillərin qiymətinin artmasına təsir edəcək. Çünki istehsal tarixi 10 ildən aşağı olan avtomobillərin qiyməti hər kəs üçün əlçatan deyil və ölkəyə idxalını da təmin edə bilməyəcək. Sözsüz ki, bu da köhnə avtomobillərə daha çox tələb yaradacaq və qiymətin bahalaşmasına gətirib çıxaracaq. Düşünürəm ki, bu qiymət artımının qarşısını almaq üçün kiçik mühərrikli avtomobillərə də müəyyən vergi və gömrük güzəştləri tətbiq edilərdi".

İqtisadçı sözlərinə davam edərək bildirib ki, yəni, 1500 kub sm-ə qədər mühərriki olan avtomobillərin idxalı üçün müəyyən güzəştlər tətbiq edilə bilər: "Eyni zamanda, məlum olduğu kimi bizdə 3 ilə qədər hibrid avtomobillər gömrük rüsumundan tam şəkildə azad olunub. Həmin müddətin 5 ilədək uzadılması, həmçinin bunun digər daxili yanacaqlı mühərriklərə də tətbiqi qiymət artımının qarşısını almaqda təsirli ola bilər. Lakin bu qərar az motor gücü olan avtomobillərə aid edilməlidir ki, yeni avtomobillərin idxalına, avtomobil parkının yenilənməsinə müsbət təsir göstərsin və əhali üçün yeni avtomobillərin əlçatanlığını təmin etsin".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə