Kərə yağı idxalının artmasının SƏBƏBİ NƏDİR? - İQTİSADÇI AÇIQLADI

“Kərə yağının idxalında həm dəyər, həm də qiymət ifadəsində artımlar olub. Bir ton kərə yağının orta idxal qiyməti 2021-ci ildəki 5 min 245 dollardan 2022-ci ildə 5 min 828 dollara yüksəlib”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu hər tona olan göstəricilərdə hesablasaq, görərik ki, 11% artım olub: “Nəzərə alsaq ki, ötən il ortalama inflyasiya səviyyəsi 13,9, ərzaq inflyasiyası isə 20%-dən artıq olub, bunun qarşılığında kərə yağının qiymətində hər tona görə hesabladıqda artımın daha az olduğunu görərik. Yəni, buna görə də idxal olunmuş kərə yağının qiyməti ümumi göstəricilərdən aşağı səviyyədədir. Hesab edirəm ki, kərə yağının idxalının artmasına təbii olaraq tələbatın çox olması təsir göstərir”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, xüsusilə də yerli istehsal olunmuş məhsulların daxili bazara yönəlik həcminin azalması idxalın artmasında önəmli yer tutur: “Məsələn, 2022-ci ildə ölkədə istehsal olunmuş kərə yağı xaricə daha çox ixrac olunmuşdu. Nəticə etibarilə, yerli tələbatı ödəmək üçün idxal məhsullarından istifadə olunub. Yağdan istifadə artımının bu qədər olması gözlənilən deyil. Bir sözlə, kərə yağı idxalının artmasında iki əsas səbəb var. Biri tələbat artımı, digəri isə yerli istehsalın daxili bazara yönələn həcminin azalmasıdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə