Ətin qiyməti niyə BAHALAŞIB? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

“Ətin qiymətində müşahidə olunan bahalaşma, ilk növbədə, mövsümi xarakter daşıya bilər. Bildiyiniz kimi, adətən, bayramqabağı qiymətlərdə artım baş verir. Bayram qutarandan sonra qiymətlər aşağı enir. Digər bir məqam isə ondan ibarətdir ki, ölkədə heyvanlar üçün yem bazasının məhdud olması müşahidə oluna bilər. Həmçinin, heyvanların otlaq sahələrinin azalması bu işlə məşğul olan şəxsləri heyvanları məhdud şəraitdə olan yerlərdə saxlanması üçün məcbur edir. Bunun üçün də əlavə yem tələb olunur. Nəticədə, heyvanlar üçün yemin qiymətinin bahalaşması bu addıma gətirib çıxara bilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.

Onun sözlərinə görə, heyvandarlıqla məşğul olan fermerlər heyvanlarını xarici ölkələrə sata bilərlər: “Bununla da, ölkəmizdə ətə olan tələbat arta bilər və bu da qiymət artımına səbəb ola bilər. Ətin qiymətinin bahalaşması monopoliya ilə də bağlı ola bilər. İrihəcmli fermerlərin bazara təsir imkanları ola bilər. Nəticə olaraq bazarda qiymətin müəyyən edilməsi həmin iri fermerlərdən asılı olaraq dəyişər.

Xaricdən idxal olunan heyvan yeminin qiymətindəki artım da ətin bahalaşmasına gətirib çıxaran amillərdəndir”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, eyni zamanda, bahalaşmaya təsir göstərən amillərdən biri inflyasiyadır: “Məsələn, bir şəxs ət kəsimi ilə məşğul olur və görür ki, hər şeyin qiyməti getdikcə qalxır. O da məcbur olaraq süni şəkildə qiymət artımı edir. Nəticə olaraq inflyasiya ilə uyğunlaşmaq üçün atılan bu addımlar ətin qiymətinin bahalaşmasına gətirib çıxarır. Süni şəkildə qiymət artımı olmaması üçün dövlət tərəfindən daimi monitorinqlər aparılmalı və qarşısı alınmalıdır.

Bir məqamı da qeyd etmək istəyirəm ki, bu qiymət artımına səbəb Türkiyə ilə bağlı amillər də ola bilər. Çünki bizdə bəzi qiymət artımları Türkiyə iqtisadiyyatı ilə uyğunlaşır. Vaxtilə qeyd olunurdu ki, Türkiyədə ətin kilosu 30 manat olduğu təqdirdə, həmin qiymət Azərbaycanda da müşahidə olunacaq. Görünən odur ki, ətin qiyməti 1-2 manat qalxmaqla yavaş-yavaş elə həmin qiymətə gəlib çıxır. Artıq dövlət tərəfindən müəyyən addımlar atılacaq ki, inflyasiyanın səviyyəsi qalxmasın”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə