Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına necə TƏSİR EDƏCƏK? - SORĞU
Türkiyənin Pazarcık vilayətində 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.
Dəhşətli zəlzələ nəticəsində ölən və yaralananların sayı artmaqda davam edir. Bəs qardaş Türkiyədə baş verən zəlzələ Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?
"Öncəliklə qardaş Türkiyəyə başsağlığımı bildirirəm. Zəlzələ nəticəsində ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Baş verən bu zəlzələnin iqtisadi effekti çox ağır nəticələr doğurdu. Bildiyiniz kimi, həmin ərazilərdə 15 milyona yaxın insan yaşayır və bu, Türkiyə iqtisadiyyatının ümumi daxili məhsulun təqribən onda birini təşkil edir. Belə ki zəlzələ baş vermiş 10 vilayətin ixrac potensialı 20 milyard dollardan artıq idi. Həmin ərazilərdə kənd təsərrüfatı sənaye məhsulları, məişət və texniki avadanlıqlar, tekstil müəssisələri, bir çox orqanizə sənaye bölgələri yerləşirdi. Bu baxımdan hələ ki hadisə təhlil edilə bilmədiyinə görə nə dərəcədə iqtisadi zərərin olduğu müəyyən olunmayıb. Amma ilkin ehtimallara görə infrastrukturun bərpası üçün təxminən 50-60 milyard dollardan artıq vəsait tələb olunur. Bu da həqiqətən ciddi bir rəqəmdir". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq iqtisadçı-ekspert Asif İbrahimov deyib.
O bildirib ki, bunun Azərbaycan iqtisadiyyatına da təsiri var: "Azərbaycana bir çox məhsullar həmin o bölgələrdən idxal olunurdu. Bu istiqamətdə həmin məhsullarla bağlı bahalaşma və ya başqa problemlər baş verə bilər. Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan boru kəməri Türkiyənin həmin o bölgələrindən keçirdi. Günə 1 milyon barel neft hasil edilən həmin boru kəmərlərin fəaliyyəti dayandırılıb. Bu həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatı üçün mənfi təsirlər doğurmağa başlayıb. Türkiyə və Suriyada baş verən bu zəlzələlər nəticəsində neftin qiymətində də artımlar müşahidə olunur. Azərbaycan xüsusilə, tekstil və qida məmulatlarını Türkiyədən idxal edirdi. Bu sahədə fəaliyyət göstərən nə qədər fabrikin dağıntılar altında qaldığı hələ məlum deyil. Lakin bir mənalı olaraq deyə bilərik ki, infrastruktur dağılıb. Tekstil sahəsində fəaliyyət göstərən bir çox firmalar, atelyelər dağıntılar altında qalmış həmin binaların zirzəmisində yerləşirdi ki, bu da qiymətdə müəyyən rəqabət yaradırdı. Həmin vilayətlərdən məhsulların Azərbaycana idxalı bir müddət dayandırılacaq. Bu da o məhsulların qiymətinə təsirsiz ötüşməyəcək".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov da məsələyə münasibətini bildirib: "Türkiyənin dərdi Azərbaycanın dərdidir. Bugünkü gündə bütün azərbaycanlılar Türkiyədə baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün öz imkanları daxilində dəstək olur, yardım edirlər. Təbii ki, bu zəlzələ Türkiyə iqtisadiyyatına olduqca təsir göstərəcək. Çünki kifayət qədər böyük ərazi dağıntıya məruz qalıb. Həmin ərazilərin bərpa edilməsi əlavə vəsait tələb edir. Təəssüf ki, həyatını itirənlərin sayı da çoxdur və bu üzücü haldır".
Millət vəkili sözlərinə davam edərək qeyd edib ki, Azərbaycan üçün Türkiyənin iqtisadi inkişafı vacibdir: "Türkiyə inkişaf edirsə Azərbaycan, Azərbaycan inkişaf edirsə Türkiyə də inkişaf edir. Ona görə də Türkiyə iqtisadiyyatına dəyən zərər həm də Azərbaycan üçün arzuolunan deyil. Azərbaycan da hər vasitə ilə çalışır ki, zəlzələnin nəticələrinin aradan qaldırılması və dəymiş zərərin minimumlaşdırılması ilə bağlı qardaş Türkiyənin yanında olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB