"Ermənistanın iqtisadi müstəqilliyi formal xarakter daşıyır" - SORĞU

Ermənistanın 2023-cü ilin əvvəlindən xarici borcu 6 milyard 451 milyon ABŞ dolları olub. Ümumiyyətlə, bu borc Ermənistan iqtisadiyyatına necə təsir göstərir? Dövlət daxilində nələrə səbəb ola bilər? SİA mövzu ilə bağlı sorğu keçirib.

"Ermənistanın xarici borcu təxminən 7 milyard ABŞ dollarına yaxındır. Bildiyiniz kimi, Ermənistanın coğrafi mövqeyi Azərbaycan tərəfindən siyasi, iqtisadi və fiziki blokada halına salınıb. Yaradılmış bu qondarma dövlətin müstəqilliyi formal xarakter daşıyır". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq iqtisadi ekspert Asif İbrahimov deyib.

O bildirib ki, müstəqillik illərinin böyük hissəsini Azərbaycan torpaqlarını işğalda saxlamaqla məşğul olan bu dövlət Azərbaycanın təbii sərvətlərindən istifadə edirdi: "Demək olar ki, Zod qızıl yatağını tamamilə istismar edərək öz təbii xammal ehtiyatlarını zənginləşdirmişdi. Bu xammalın xarici ölkələrə satışını həyata keçirərək dövlət büdcəsini doldururdular. Bundan başqa, Azərbaycanın işğal altında olan torpaqlarında öz taxıl ehtiyatlarını tədarük edirdilər. Ermənistanın daxili tələbatı 200 min ton taxıl olduğu halda, 100-150 min tonunu Azərbaycanın işğalda olan ərazilərindən əldə edirdilər. Təbii ki, 44 günlük Vətən müharibəsi həm siyasi, həm iqtisadi reallığı dəyişməyə gətirib çıxardı. Ermənistan Azərbaycan torpaqlarından mənfəət əldə edə bilmədi və bu istiqamətdə ciddi itkilər verməyə başladı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə Ermənistan dövləti ilə sərhəd ərazilərini bərpa etdi. Həmin ərazilərdə sərhədi bərpa etmək də Ermənistana iqtisadi zərbələr vurmağa başladı. Bildiyiniz kimi, Azərbaycanın işğalda olan ərazilərində turizm potensiallı obyektləri istifadə edərək ölkəyə kənardan əlavə vəsaitin daxil olmasına nail olurdular. Düşünürəm ki, artıq Ermənistanın iqtisadi müstəqilliyi formal xarakter daşıyır. Ermənistan xarici borcunu ödəmək üçün məcbur olub yenidən borclanacaq. Ölkə başçısının da dediyi kimi, Ermənistan həqiqətən dalan bir ölkədir. Ermənistan ağlını başına yığıb regional layihələrə qoşulsalar, daha yaxşı iqtisadi müstəqillik əldə edə bilərlər. Yoxsa qısa müddət ərzində ciddi təhlükələrlə üzləşə bilərlər".

Məsələ ilə bağlı deputat Vüqar Bayramov da öz fikirlərini bildirib. Onun sözlərinə görə, son dövrlərdə Ermənistanın xarici borcunda artımlar müşahidə olunur: “Ümumiyyətlə, Ermənistan xarici borcunu Ümumi Daxili Məhsulun həcminə görə MDB-də ən pis göstəriciyə malik olan ölkədir. Belə ki Ermənistanın xarici borcu Ümumi Daxili Məhsuldan 65% çoxdur. Təbii ki, bu Ermənistan iqtisadiyyatındakı borc asılılığının artması anlamına gəlir. Ona görə də bu kontekstdən Ermənistanın digər ölkələrdən iqtisadi asılılığının daha da dərinləşəcəyini gözləyirik. Bu bir daha təsdiq edir ki, Ermənistan iqtisadiyyatı kifayət qədər ciddi problemlər içərisindədir”.

İqtisadçı Eldəniz Əmirov da məsələ ilə bağlı bildirib ki, Azərbaycanda xarici borcun getdikcə azalması hədəflənib, 10%-dən aşağı salındığı halda, Ermənistanda bu borc məsələsi sözün həqiqi mənasında ciddi problemdir: “Ermənistanın xarici borcu 6 milyard 451 milyon dollar olduğu halda, dövlət büdcəsinin gəlirləri isə heç 6 milyarda çatmır. Yəni, dövlət büdcəsini tamamilə ödəmiş olsa belə, yenə də xarici borcdan qurtula bilmir. Ümumiyyətlə, hazırki həm xarici siyasəti, həm də daxili siyasəti Ermənistana yaxşı heçnə vəd etmir. Azərbaycanla sülh müqaviləsi imzalayacağı günə qədər Ermənistanda vəziyyət hər il daha da acınacaqlı olacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə