"Kənddən şəhərə" yarmarkası 13 gün davam edəcək" - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ
"Yeni il yarmarkası artıq ənənəvi xarakter alıb. Bildiyimiz kimi "Kənddən şəhərə" yarmarkaları həftəsonu təşkil olunur. Lakin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan yarmarka uzunmüddətli olacaq. Yarmarkanın fəaliyyəti dekabrın 17-dən başlayaraq ayın 30-na kimi davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, yarmarka üçün 50-dən çox rayondan fermerlər dəvət olunub: "Fermerlər artıq qeydiyyatdan keçiblər. Onlar qeydiyyatdan keçərkən hansı məhsulu satacaqlarını da qeyd edirlər. Bunun əsasında bizdə öncədən ümumi təsəvvür formalaşıb ki, yarmarkaya təxminən 80 çeşid məhsul satışa çıxarılacaq".
Mətbuat katibi sözlərinə davam edərək qeyd edib ki, satışa çıxarılan məhsulların hər biri ekoloji cəhətdən təmizdir: "Məlum olduğu kimi, bayram ərəfəsində paytaxt sakinlərinin ekoloji baxımdan təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsullarına tələbatı artır. Bu səbəbdən də fermerlərin məhsullarını rahat satışa çıxara bilməsi üçün alternativ satış platforması, yəni sözügedən yarmarkaları yaratmışıq. Qiymətləri fermerlər özləri müəyyənləşdirirlər. Biz sadəcə bu işin təşkilatçılığını həyata keçiririk. Elə fermerlər də var ki, uzaq rayonlarda yaşayırlar və məhsullarını gətirməkdə nəqliyyat baxımından əziyyət çəkirlər. Bizə müraciət edən həmin fermerlərin siyahısı müəyyənləşdirilir və heç bir ödəniş olmadan onların məhsullarının Bakıya çatdırılması təmin edilir. Eyni zamanda, onlar bizim yarmarkalarda ödənişsiz şəkildə piştaxta, geyim və lazım olan avadanlıqlarla təmin olunurlar. Arzu edirik ki, vətəndaşlarımız da yarmarkada iştirak edib, fəaliyyətimizdən razı qalsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB