Məktəblilərə Ulu Öndərin fəaliyyəti haqqında geniş məlumat verilib
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 95 nömrəli tam orta məktəbin şagirdləri və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı distant görüş keçirilib. SİA-nın məlumatına görə, görüş zamanı ümummilli lider Heydər Əliyevin həyat yolunu özündə əks etdirən videoçarx nümayiş olunub. Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Nitq mədəniyyəti” dərnəyinin üzvləri və məktəbin şagirdləri Ulu Öndərə həsr edilmiş şeir kompozisiyası və musiqi nömrəsi ilə çıxış ediblər.
Onlayn görüşün əsas məqsədi müasir Azərbaycan dövlətinin qurucusu, memarı olan Ulu Öndərin şərəfli həyat yoluna nəzər salmaq və onun fəaliyyəti haqqında gənclərə məlumat verməkdən ibarətdir.
Görüş zamanı çıxış edən qonaqlar, ümummilli lider Heydər Əliyevin irsi haqqında ətraflı danışıb, dahi şəxsiyyətin xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra Ş.Qəmbərova ümummilli liderin həyatı və fəaliyyəti haqqında söhbət açıb. O deyib: “Azərbaycan xalqının Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi bir lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə