Xətai rayonu Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Günümüzün fədakarları" mövzusunda onlayn görüş keçirilib. SİA-nın məlumatına görə, məktəbin direktoru Elçin Abdullayev çıxışında görüşün əhəmiyyətindən söhbət açıb.
Məktəbin direktoru karantin dövründə xalq olaraq birliyimizi çox nümunəvi şəkildə nümayiş etdirdiyimizi, 95 nömrəli məktəbin rəhbərlik, müəllim və şagird kontingentinin də bu dövrdə "Evdə qal, təhsildən qalma" layihəsində çox yüksək səviyyədə iştirak etdiklərini qeyd edib.
Çıxış edən qonaqlar ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində hamılıqla pandemiya təhlükəsindən minimum zərərlə qurtulmaq üçün “Güc birlikdədir” devizi altında çalışdıqlarını söyləyiblər.
Çıxışçılar keçirilən və görülən işlərin pandemiya dövründə psixoloji dayanıqlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini, bütün təqdimatların dövrə uyğun sistemləşdirildiyini, artıq distant təhsilin tətbiq olunduğunu və hər kəsin öz iş yolunda fəaliyyət istiqamətini dövrə uyğun qurduğunu qeyd ediblər.
F.Köçərli adına Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında qeyd edib ki, oxuculara göstərilən onlayn xidmət kitabxananın vahid elektron bazasında olan elektron resurslar əsasında həyata keçirilir. Elektron resursu olmayan ədəbiyyatlara sorğu qəbul edilir, az zaman ərzində rəqəmsallaşıdırılaraq oxucu istifadəsinə verilir.
Direktor onu da qeyd edib ki, uşaqları elektron informasiya aləmi ilə səmərəli pedaqoji-psixoloji istiqamətlərdə heyrətləndirmək, kitab aləmi ilə təmasdan zövq almasına yardım etmək, uşaq fikrini, fantaziyasını təxəyyülünü inkişaf etdirmək, cəmiyyətə gərəkli insanlar tərbiyə etməkdir. “Bizim missiyamız alidir, çünki cəmiyyətin mənəvi potensialı kimi uşaqların mənəvi dünyasını yaxşı mənada istiqamətləndirməyə yardımçı oluruq. Fəaliyyətimizi daha da genişləndirərək faydalı xidmət göstərmək üçün böyük səy göstəririk”, - deyə Ş.Qəmbərova vurğulayıb.
Məktəbin şagirdləri isə öz maraqlı sualları ilə qonaqlarda xoş təəssüratlar yaradıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə