Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbin şagirdləri ilə Xalq şairi, filologiya üzrə fəlsəfə doktoru Sabir Rüstəmxanlı və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında növbəti onlayn görüş keçirilib. SİA-nın məlumatına görə, görüşün keçirilməsində məqsəd oxuculara kitabxananın hazırki fəaliyyəti haqqında geniş məlumat vermək, onlara bu günlərdə dəstək olaraq elektron ədəbiyyatı təbliğ etmək, eləcə də uşaqların sevimli yazarlarla canlı ünsiyyət qurmalarına vasitəçi olmaqdır.
Sabir Rüstəmxanlı məktəblilərə Azərbaycan ədəbiyyatından uzaqlaşmamağa, azərbaycanlı yazarların əsərlərini mütaliə etməyə çağırıb. Daha sonra Xalq şairi məktəblilərin suallarını cavablandırıb, onlara tövsiyyələrini verib və müxtəlif illərdə yazdığı şeirlərini oxuyub.
Görüş çərçivəsində Ş.Qəmbərova uşaqlara elektron kitabxana haqqında ətraflı məlumat verib. O, şagirdlərə biliklərini artırmaq, gələcəkdə sevdikləri peşədə uğur qazanmaq üçün mütaliənin vacibliyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə