Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) Azərbaycanın Milli Bölməsi olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının fəaliyyətini “Twitter” sosial səhifəsindəki izləyiciləri arasında paylaşıb. Bu barədə SİA-ya F.Köçərli adına Respublika Uşaq Kitabxanasından bildirilib.
Qeyd edək ki, 1967-ci ildən etibarən H.K.Andersenin doğum günü olan aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Şurasının təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Bu tarix cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək üçün yaradılıb.
Şurasının qurucusu Jella Lepman, kitabların insanlar arasında anlaşma və sülh körpüləri qura biləcəyinə inanıb. Buna görə o, kitablar vasitəsilə uşaqları bir araya gətirən beynəlxalq bir təşkilat olaraq İBBY-ni yaradıb. O, müharibədən sonra alman uşaqlarının nəinki qida, dərman, paltar və ya sığınacaq, həm də kitablara ehtiyacı olduğu üçün bunu edib. Yella Lepmanın deyirdi ki, bizə pəncərələri olan kitablar lazımdır, dünyaya açılan və digər insanların necə yaşadıqlarını, bizimlə eyni insani hiss və duyğulara sahib olduqlarını bildirən pəncərəli kitablar.
F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Kitabı Şurası ilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Həmçinin uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq üçün kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Qeyd edək ki, kitabxananın virtual xidmətindən təkcə ölkəmizdə deyil, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlı uşaqlar da bəhrələnir. Gün ərzində 1000-ə yaxın virtual oxucu kitabxananın sosial şəbəkələrdə olan xidmətlərindən istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə