“Ən böyük sərvətimiz - Ana dili” - TƏDBİR- FOTOLAR

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Ən böyük sərvətimiz- Ana dili” adlı tədbir keçirilib. SİA-nın məlumaına görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Tədbirdə Sabunçu rayon 215 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdləri iştirak ediblər. Tədbir çərçivəsində Beynəlxalq Ana dili gününün yaranma tarixi haqqında məlumat verilib, məktəblilərin ifasında Ana dilimizə həsr olunmuş Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Teyyub Qurbanın “Ana dilim”, Süleyman Rüstəmin “Dilimə dəymə”, “Ana dilim” şeirləri, “Ey vətən”, “Şirin dil”, “Ana dili”, “Azərbaycan Diyarı”, “Bu gözəl vətən bizimdir” adlı mahnılar səslənib. Bundan əlavə, şagirdlər ana dilimizə həsr edilən müdrik kəlamlar və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

Tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Sonda uşaqlara kitabxana tərəfindən kitablar hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə