Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır FOTOLAR
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Kitabxana pedaqoji mükəmməlliyin tükənməz mənbəyidir” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, öncə kitabxananın əməkdaşı qonaqları kitabxana ilə tanış edib, orada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verib. Tədbir iştirakçıları kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə edib.
Qeyd olunub ki, kitabxana işçiləri şagirdlərin mütaliə bacarıqlarının və mütaliə diapazonunun inkişafında, informasiya axtarmaq, seçmək və informasiya ilə işləmək bacarıqlarının formalaşmasında böyük rol oynayır.
Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxışında bildirib ki, kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır. Bu xidmət növündən bütün oxucular istifadə edirlər. Kitabxana əməkdaşları təkcə oxucu və kitab arasında birbaşa vasitəçi kimi deyil, şagirdlərin tələbatına ən çox uyğun gələn informasiyanı ona çatdıran, virtual kitabxananın reallıq olduğunu öz işi ilə sübut edən dünyagörüşlü ziyalı bir şəxs kimi fəaliyyət göstərirlər. Kitabxananın informasiya-resurs mərkəzinə çevrilməsində kitabxanaçıların peşəkar mövqeyi əsas məsələdir. Ümid edirik ki, “Rus dilinin dərindən öyrənilməsi” pilot layihəsi çərçivəsində görəcəyimiz işlər və elmi metodika şöbəsinin hazırlayacağı materiallar da bu məqsədə xidmət edəcək”, - deyə Z.Dadaşova əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə