AŞ nümayəndələri Azərbaycanda gender bərabərliyi barədə məlumatlandırılıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurasının gender bərabərliyi bölməsinin rəhbəri Katerina Boloqnesenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA Ombudsman Aparatına istinadən xəbər verir ki, Müvəkkil 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, həmin öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradıldığını, ötən müddət ərzində bu qurumun özünü səmərəli hüquq müdafiə mexanizmi kimi təsdiq etdiyini bildirib. O, həmçinin Ombudsman təsisatının regional və beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə səmərəli əməkdaşlığı, insan hüquqları sahəsində birgə layihələrin həyata keçirilməsi barədə danışıb.
Müvəkkil gender bərabərliyinin təmin olunması məsələsinə mühüm diqqət yetirdiyini və əhalinin digər qruplarının hüquqları ilə yanaşı, qadın hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadınlar və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı, əhatəli və sistemli tədbirlər həyata keçirdiyini söyləyib. Diqqətə çatdırılıb ki, təhsilin gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsini təmin edən ən qiymətli vasitələrdən biri olduğunu nəzərə alaraq, ombudsmanın təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “İnsan hüquqları” və “Genderə giriş” fənləri tədris edilir, mühazirələr toplusu hazırlanıb. Azərbaycanın müxtəlif şəhər və rayonlarında salınmış məcburi köçkün qəsəbələrində minlərlə məcburi köçkünə təlimlər keçirilib. Müvəkkilin insan hüquqlarının səmərəli təmininə yönəlik 700-dək təklifi səlahiyyətli dövlət qurumlarına təqdim edilib, onların böyük əksəriyyəti artıq təmin olunub. İnsan hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun müdafiəsi, bu istiqamətdə potensialın gücləndirilməsi, eləcə də ölkədə hüquqi təminat sisteminin müasir standartlarına uyğun inkişaf etdirilməsi və digər sahələrdə paytaxtda və regionlarda müntəzəm maarifləndirmə tədbirləri həyata keçirilib.
Müvəkkil qeyd edib ki, gender bərabərliyinin təmini, qadın və kişilər üçün bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması, pozulmuş hüquqların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Qonaqlar müvəkkilin fəaliyyətini yüksək qiymətləndirib, Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə