Pirallahı rayonunda "Cümhuriyyət-100" mövzusunda tədbir keçirilib FOTOLAR

29 may 2018-ci il tarixində Pirallahı rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Cümhuriyyət 100” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışını Ulu Öndər Heydər Əliyevin kəlamı ilə açıb. “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız üçün tarixi hadisədir”-deyə qeyd edən H.Şikarov eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında Sərəncam imzaladığını da xatırladıb. “Prezidentin bu Sərəncamı bir daha müasir müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu göstərir”-deyə qeyd edən YAP Pirallahı rayon təşkilatının sədri vurğulayıb ki, bu tarixi hadisədə Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyəti əks olunub: “Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlib və çox çətin şəraitdə fəaliyyət göstərib. Azərbaycan xalqı və milli dövlətçiliyinin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin vəzifəni yerinə yetirərək milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının yaradılmasına, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsinə, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordunun yaranmasına nail oldu”.

Daha sonra çıxış edən Pirallahı RİH-nin başçısının müavini Anara Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasın dövlətçilik ənənələrimizin bərpasında, dirçəlməsində mühüm hadisə olduğunu bildirib. Diqqətə çatdırılıb ki, 1918-ci il mayın 28-də Milli Şuranın birinci iclası keçirilib və Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edilib. “Cümhuriyyət Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınıb”-deyə qeyd edən A.Hacıbəyli Azərbaycanın həmin dövrdə dünyanın bir çox ölkələri ilə diplomatik münasibətlər qurduğunu, ikitərəfli və çoxtərəfli müqavilələrin, sazişlərin imzalandığını deyib: “Gərgin diplomatik mübarizə şəraitində yaranmış Azəbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb. XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğunun, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olub”.

RİH-nin başçısının müavini Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub, müvafiq tədbirlərin təşkilinin gənclərə doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək və sərbəst düşüncə tərzini formalaşdırmaq baxımından yüksək qiymətləndirdiyini vurğulayıb.

“Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. “Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”-deyə vurğulayan B.Quliyev Azərbaycan gənclinin məhz bu amil ətrafında inkişaf etdiyini deyib və vurğulayıb ki, bu günkü müstəqil və müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, inkişaf və tərəqqi yolunu tutmaqdadır: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə O, Azərbaycanın müstəqilliyi barədə düşünüb və bu günkü müstəqillik Ümummilli Liderimizin qətiyyətli siyasəti nəticəsində əldə edilib. Prezident İlham Əliyev bu siyasəti davam etdirməklə, Azərbaycanı regionda və dünyada lider dövlətlər sırasına qədər yüksəldib. Hər bir Azərbaycan vətəndaşı, xüsusilə ölkəmizin gələcəyi olan gənc nəsil tarixi və bu günü ilə fəxr edir, qürur duyur”.

Sonda keçirilən tədbirlərin yekunu kimi Heydər Əliyev Fondunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Pirallahı rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda "Cümhuriyyət-100" adlı layihə çərçivəsində 350-dən çox gəncin iştirakı ilə fləşmob şəklində Azərbaycan Respublikasının dövlət bayrağı canlandırılınb, "Cümhuriyyət- 100" sözü yazılıb və sonda üçrəngli bayrağımızın fonunda Ulu Öndər Heydər Əliyevin canlı imzası yaradılıb.

Videoçarxın nümayişindən sonra bir neçə şəxs partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Pirallahı rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə