F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Milli qəhrəmanlarımıza həsr olunmuş “Unutmuruq, unutdurmuruq” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, kitabxananın işçisi İlahə Abdullayeva tədbir haqqında məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində məqsəd uşaqlarda vətənpərvərlik hisslərini gücləndirmək, Milli qəhrəmanlarımızı tanıtmaq və onlara Vətən üçün yaşayıram fikrini təlqin etməkdir.
215 nömrəli orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə diqqətə çatdırılıb ki, milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində kitabxanada şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar - müstəqil vətənimizin keşikçiləri vətənə sevgi ruhunda tərbiyə alır və formalaşır. Azərbaycan xalqı bütün zamanlarda gələcəyimiz olan gənc nəslin öz vətəninə, xalqına, soykökünə, ata-babalarımızın bizə miras qoyduğu adət-ənənələrimizə sədaqət və hörmət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşıb.
İlahə Abdullayeva deyib ki, kitabxanada keçirilən tədbirlərin əsas qayəsi Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir.
Tədbir çərçivəsində, məktəblilərin ifasında Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin keçdiyi şərəfli döyüş yollarını əks etdirən vətənpərvər ruhlu “Əsgər marşı”, “Vətən mahnısı”, “Can Qarabağ”, “Azərbaycan əsgəri”, “Xəbər gətir”, “Cənab leytenant”, “Şəhidin arzuları” və digər şeirlər və mahnılar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə