“Dostluq, birlik, həmrəylik” adlı rəsm sərgisi açılıb FOTOLAR

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə uşaqların əl işlərindən ibarət “Dostluq, birlik, həmrəylik” adlı rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidəki rəsmləri uşaq və yeniyetmələr dünya xalqlarının nağılları əsasında çəkiblər.

Tədbirdə çıxış edən kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova ötən tədbirlərdən danışıb: “Bu il kitabxana üçün məhsuldar bir il olub. “Nəsimi ili” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi və kitabxananın təşkilatçılığı ilə “Uşaq kitab karvanı – Bölgələrdə” layihəsi çərçivəsində səyyar kitab sərgiləri açılıb. Həmçinin VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası günlərində “Hər uşağın nağıl payı” adlı Brayl əlifbası ilə nəşr edilmiş və jest dili ilə mp4 formatda tərcümə olunaraq nəşr olunmuş elektron kitabların təqdimatı keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi Respublika Uşaq Kitabxanası və “Araxçın” MMC-nin birgə təşkilatçılığı ilə 11 adda uşaq ədəbiyyatı Brayl dilinə, 10 adda uşaq ədəbiyyatı isə jest dilinə tərcümə olunaraq balaca oxucuların ixtiyarına verilib. Bu gün isə ilin son tədbirinə yığışmışıq. Tədbirin adı təsadüfü olaraq seçilməyib. Burada dünya xalqlarının nağılları əsasında rəsmlər sərgilənir”.

Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd istedadlı uşaqları üzə çıxarmaq və mütaliənin təbliğ edilməsi ilə oxucularda mənəvi, əxlaqi keyfiyyətləri zənginləşdirməkdir.

Uşaq yazıçısı Solmaz Amanova uşaqları Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Bildirib ki, şəkillərə baxarkən üzümüzə açılan nağılları görürük. Uşaq yatanda nağıl istəyir. Nağıl kitablarını vərəqləyərkən, ilk növbədə, şəkillərə fikir veririk. Odur ki, uşaqlar rəsmlərə dəyər verməyi bacarırlar.

Uşaq yazıçısı Sərvan Kərimov qeyd edib ki, uşaqların həyatı fərqlidir. Orada rənglər daha çoxdur. Onlar nağıl qəhrəmanlarını sevirlər. Böyüklər nağıl yazanda gərək oradakı qəhrəmanları uşaqlara sevdirsinlər.

Tədbirin bədii hissəsində Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə