Ağdaş və Göyçay rayonlarında səyyar kitab sərgiləri açılıb FOTOLAR
Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika uşaq kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı – Bölgələrdə” layihəsi çərçivəsində Ağdaş və Göyçay rayonlarında səyyar kitab sərgiləri açılıb.
SİA-nın verdiyi xəbərə görə, tədbirdə uşaqların sevimli yazıçısı Zahid Xəlil, şirin, məzəli, yaddaqalan şeirləri ilə daim uşaqların əhatəsində olan Sevinc Nuruqızı, elmi fantastik əsərlərin müəllifi Reyhan Yusifqızı, rayon ziyalıları, mədəniyyət işçiləri, müəllimlər, uşaq və yeniyetmələr iştirak edib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq layihə ilə bağlı ətraflı məlumat verib: “Bu gün kitab və mütaliənin kitabxanalar vasitəsilə təbliği ən aktual məsələlərdəndir, heç bir uşaq nəzərdən qaçmamalıdır. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə hər bir uşağın diqqətini mütaliəyə yönəltmək qarşımızda duran vacib məsələlərdəndir. Bu gün ənənəvi kitablarla yanaşı elektron kitablardan da istifadə etmək vacibdir. Bu baxımdan F.Köçərli adına Respublika uşaq kitabxanasının ərsəyə gətirdiyi, jest dilinə tərcümə olunmuş MP4 formatında kitablar - disklər xüsusi əhəmiyyət daşıyır”.
Tədbirdə hər bir rayon kitabxanasına gözdən zəif və görməyənlər üçün brayl şrifti ilə çap olunmuş 11 adda kitab hədiyyə edilib.
Daha sonra uşaqlar vətənə, kitaba, elmə həsr olunmuş şeirlər söyləyib, ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış, klassik Azərbaycan ədəbiyyatının nümayəndəsi, böyük mütəfəkkir və şair İmadəddin Nəsimi ilə bağlı bədii kompozisiya nümayiş etdiriblər.
Sonda Ağdaş, Göyçay MKS-nin uşaq şöbələrinin hər birinə 400 kitab hədiyyə olunub.
Qeyd edək ki, “Uşaq Kitabı Karvanı” bu gün Ucar rayonuna yola düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə