Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı – bölgələrdə” layihəsi çərçivəsində səyyar kitab sərgisi Zərdab rayonunda baş tutub. SİA-nın məlumatına görə, uşaq kitab karvanını ilk qarşılayan Zərdab rayon Mərkəzi Kitabxanası olub.
Tədbirdə Zərdab rayon ziyalıları, mədəniyyət işçiləri, müəllimlər, uşaq və yeniyetmələr iştirak edib. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, “Nəsimi ili” çərçivəsində keçirilən tədbirin məqsədi, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. O, uşaq və yeniyetmələrin görüşünə gələn uşaq yazarlarını tədbir iştirakçılarına təqdim edib.
Görüşdə Azərbaycan uşaq ədəbiyyatının inkişafında öz yaradıcılıq axtarışları ilə seçilən, uşaqların sevimli yazıçısı Zahid Xəlil, gözəl povest və hekayələri, şirin, məzəli, yaddaqalan şeirləri ilə daim uşaqların əhatəsində olan Sevinc Nuruqızı, elmi fantastik əsərlərin müəllifi Reyhan Yusifqızı, Avropa Təbii Elmlər Akademiyasının professoru və akademiki, uşaq yazıçısı, “İRS” fənninin müəllifi Solmaz Amanova iştirak edib.
Yazarlar, çıxışlarında uşaqlar üçün yazılan hər bir əsərin ədəbiyyatın çox vacib tərkib hissəsi kimi yaş, estetik zövq və anlam səviyyəsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edərək son illərdə nəşr olunmuş kitablar haqqında məlumat veriblər. Sonra uşaqların suallarını cavablandırıblar.
İ.Nəsimiyə həsr olunmuş kompozisiya tədbirə xüsusi rəng qatıb.
Layihə çərçivəsində Zərdab MKS-nin uşaq şöbəsinə 400 kitab hədiyyə edilib. Qeyd edək ki, “3 alma” TEAS Press Nəşriyyat evinin də hər bir bölgə üçün kitab hədiyyəsi olub. Hədiyyə olunan nəşrlərin kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə edilib.
Kiçik yaşlı uşaqlar arasında “Mütaliə, müasir kitabxana və kitabxanaçı” adlı rəy sorğusu keçirilib, fəal oxuculara kitab və “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.
Qeyd edək ki, “Uşaq kitabı karvanı”nın növbəti ünvanı Ağdaş rayonudur.
Bütün xəbərlər Facebook səhifəmizdə