“Uşaq Kitab Karvanı” oxucularla görüşə gəlir FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində cari ilin oktyabr ayının 22-də Zərdab, 23-də Ucar, 24-də Göyçay, 25-də Ağdaş, 26-da Yevlax, 27-də Mingəçevir, 28-də Bərdə, 29-da Tərtər şəhər və rayonlarına səfər ediləcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, səfər zamanı səyyar kitab sərgilərinin təşkili ilə yanaşı, uşaq yazıçıları Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanovanın oxucularla görüşləri keçiriləcək.

2011-ci ildən etibarən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi üzrə rayonlara (şəhərlərə) səfərlərin təşkilində başlıca məqsəd bölgələrdəki kitabxanaların uşaq şöbələri və filiallarında oxucuların sorğularını təmin etməklə kitaba olan ehtiyacın mümkün dərəcə ödənilməsidir. Bu günə qədər layihə üzrə respublikamızın 33 rayonuna (şəhərinə) kitab karvanı yola düşmüş və regionlarda fəaliyyət göstərən kitabxanaların müvafiq bölmələrinə ümumilikdə 25 000-dən çox nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə