F.Köçərli adına Respublika Uşaq kitabxanasında, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşünə həsr olunmuş “Türk birliyinə aparan yol” adlı tədbir keçirilib.
Kitabxanadan SİA-ya bildirilib ki, tədbirdə, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri, oxucular iştirak ediblər.
Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası haqqında ətraflı məlumatı əks etdirən videoçarx təqdim olunub.
Sonra tədbir H. Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin təqdimatında konsert proqramı ilə davam edib. Konsertdə aşıq musiqiləri ilə yanaşı, xalq musiqi nömrələri də ifa olunub.
Tədbirdə çıxış edən kitabxananın direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova tədbirin əhəmiyyətini vurğulayaraq iştirakçılara kitabxana tərəfindən nəşr edilən “Türk dünyasının nağıl bağı” kitabı haqqında məlumat verib.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova musiqi məktəbinin rəhbərliyi başda olmaqla kollektivə minnətdarlığını bildirərək, “Qarabağ şikəstəsi”ni ifa edən Xalq Çalğı Alətləri Ansamblının ən kiçik üzvü İsfəndiyar Dadaşova “Türk dünyasının nağıl bağı” kitabını hədiyyə edib.
Sonda musiqi məktəbinin şagirdlərinə kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalı hədiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə