“Mikayıl Rzaquluzadə: Biblioqrafiya” kitabının təqdimatı olub FOTOLAR
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Mikayıl Rzaquluzadə: Biblioqrafiya” kitabının təqdimatı olub. SİA xəbər verir ki, kitab Mədəniyyət Nazirliyi və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə nəşr edilib.
Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək yeni nəşrin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycanın mədəniyyət tarixində Mikayıl Rzaquluzadənin xüsusi yeri var. Tərcüməçi kimi fəaliyyət göstərən M. Rzaquluzadə həm gözəl şair, həm də yazıçı kimi tanınıb.
Qeyd edilib ki, Mikayıl Rzaquluzadənin həyat və fəaliyyətini əks etdirən bu biblioqrafiya gərgin və ağır zəhmətin məhsuludur. Biblioqrafiyanın tərtibçiləri Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova, ixtisas redaktoru və buraxılışa məsul Şəhla Qəmbərova, redaktoru Gülbəniz Səfərəliyeva, “Ön söz”ün müəllifi isə professor Zahid Xəlildir. Kitab mədəniyyətimizin qiymətli bir hissəsinin əbədiləşməsinə xidmət göstərir. Ümumiyyətlə biblioqrafiya informasiya, fakt və hadisələri daha yığcam şəkildə oxucuya çatdıran gözəl bir vasitədir. Müxtəlif yazıçı və alimlərin həyatından bəhs edən biblioqrafik kitabların yaranması ənənəsini yaşadan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının bu təşəbbüsü də təqdirəlayiqdir.
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova söyləyib ki, M. Rzaquluzadənin 115 illiyi münasibətilə kitabxananın əməkdaşları yazıçının yaradıcılığını tam halda işıqlandırmaq məqsədilə fundamental biblioqrafik vəsaitin tərtibinə qərar verib.
Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Rzaquluzadənin həyat və yaradıcılığına həsr olunan biblioqrafiyada şairin 1923-2018-ci illərdə çap edilən əsərləri və onun haqqında yazılan materiallar öz əksini tapıb.
Kitabın “Ön söz” müəllifi filologiya üzrə elmləri doktoru, professor Zahid Xəlil və digər qonaqlar nəşrin əhəmiyyətinə toxunaraq qeyd ediblər ki, ədibin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən bu fundamental biblioqrafiyada şairin şəxsi arxiv materialları da əksini tapıb.
Natiqlər ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab uşaq ədəbiyyatı xəzinəsinə dəyərli töhfə kimi qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə