F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Uşaq kitab karvanı” layihəsi çərçivəsində davam edən silsilə tədbirlər başa çatıb. Kitabxanadan SİA bildirilib ki, Qax, Zaqatala və Balakən rayonlarında keçirilən son tədbirlərdə uşaqlar Azərbaycanın uşaq yazarları ilə görüşüblər.
Bildirilib ki, “Uşaq kitab karvanı” layihəsi 2011-ci ildən Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə uğurla həyata keçirilir. Səyyar kitab sərgiləri zamanı Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr edilmiş bədii kompozisiyalar balaca oxucuların ifasında təqdim edilib. Layihə çərçivəsində rayonlardakı mərkəzləşdirilmiş kitabxana sistemlərinin uşaq şöbələrinin hər birinə nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq ədəbiyyatı, metodik vəsait, “Göy Qurşağı” və “Qaranquş” uşaq jurnalları hədiyyə edilib.
Layihənin əsas məqsədi uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını ödəməkdir. Həmçinin, bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. Ümumilikdə bu günə qədər layihə çərçivəsində 33 rayondakı uşaq kitabxanalarına 26 mindən çox kitab hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə