Misir Səfirliyində görüş keçirilib FOTOLAR

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyində olub. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, görüşdə səfir cənab Adel İbrahim Ahmed İbrahim Misir ilə Azərbaycan arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişafından söz açmış, həmçinin F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən 14-18 may 2018-ci il tarixində keçirilən “Misir Uşaq Ədəbiyyatı Həftəsi”nin əhəmiyyətindən bəhs edib.

Görüş zamanı Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə ərsəyə gətirdiyi “Əsrarəngiz Misir Nağılları” kitabının yaddaqalan təqdimatı bir daha vurğulanıb. Bildirilib ki, Misirin qədim mədəniyyəti, adət-ənənələri, tarixi haqqında maraqlı nağıllar daxil olmaqla yanaşı, Misir nağıllarına Azərbaycanlı uşaqların çəkdikləri rəsmlər xüsusi maraq doğurub. Bu rəsmlər Misirin paytaxtı Qahirədə Misir Milli Kitabxanası və Arxivlər İdarəsinin nəzdindəki Uşaq Ədəbiyyatı Sənədləşdirilməsi və Araşdırılması Mərkəzində “Əsrlər boyu ərəb dünyasında uşaq ədəbiyyatı” adlı ikinci beynəlxalq konfransda “Misir nağılları, Azərbaycanlı uşaqların gözü ilə” adı altında sərgilənib. Həmçinin Bakıda Gənc Tamaşaçılar Teatrında oynanılan “Tanış olun, dostum Bəkkar” adlı nağıl tamaşa da Misirdə nağıl qəhrəmanı kimi tanınan Bəkkarın Azərbaycanda da sevildiyini göstərib.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova öz növbəsində “Misir Uşaq Ədəbiyyatı Həftəsi”nin əsas mahiyyətinin Azərbaycanda Misir uşaq ədəbiyyatını təbliğ etməklə uşaqlar və gənclər arasında mütaliə və kitaba olan marağın artırılmasından ibarət olduğunu bildirib, “Nağılları yaşadaq” adlı layihənin məqsəd və əhəmiyyətindən geniş söz açıb. Söhbət zamanı “Əsrarəngiz Misir nağılları” kitabı ilə yanaşı, bu kimi layihələrin davamlı olacağı xüsusi vurğulanıb.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Adel İbrahim Ahmed İbrahim həyata keçirilən belə layihələrin uşaq və yeniyetmələrin dünyagörüşündə, maariflənməsində, ümümiyyətlə hərtərəfli inkişafındakı əvəzolunmaz rolundan bəhs edib.

Sonda səfir bir daha uşaq ədəbiyyatı barədə fikir mübadiləsi aparmaqdan məmnunluq duyduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə