Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində tanınmış dilçi alim, Əməkdar Elm Xadimi, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovla tələbələrin görüşü olub.
Əvvəlcə iştirakçılar kitabxananın foyesində Azərbaycan dilinin tədqiqinə aid kitablarla, eləcə də akademikin monoqrafiya və elmi əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Kitabxananın direktoru Şəhla Qəmbərova Nizami Cəfərovun həyatı və elmi fəaliyyəti haqqında məlumat verib.
Bildirib ki, Ağstafa rayonunun Zəlimxan kəndində anadan olan Nizami Cəfərov Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsini bitirib, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi, “Ədəbiyyat” qəzetində şöbə müdiri, BDU-da müəllim, filologiya fakültəsinin dekanı, dilçilik kafedrasının müdiri kimi mühüm bir ömür yolu keçib.
Kitabxananın direktoru deyib ki, o, “Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı”, “XVIII əsr Azərbaycan ədəbi dili”, “Azərbaycan türkcəsinin milliləşməsi tarixi”, “Azərbaycanşünaslıq məsələləri”, “Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri” və başqa fundamental elmi araşdırmaların müəllifidir.
Bildirilib ki, N.Cəfərov dilimizin əsasları və inkişaf tarixi, qədim türk xalqları ədəbiyyatı, tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuş monoqrafiyalar və çox sayda elmi əsərləri ilə elmi mühitdə şöhrət qazanıb. Əsərləri Türkiyə və İranda da nəşr edilib.
BDU-nun, Azərbaycan Pedaqoji Universitetinin tələbələrinin, kitabxananın fəal oxucularının iştirakı ilə keçirilən görüşdə çıxış edən Nizami Cəfərov ulu öndər Heydər Əliyevin dilimizə verdiyi böyük dəyərdən, Prezident İlham Əliyevin dil siyasətindən söhbət açıb.
Tədbirdə fəal oxucuların ifasında Azərbaycan dili haqqında şeirlər, Əməkdar artist Firuz Səxavətin ifasında muğam parçaları səsləndirilib.
Sonda akademik tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, dilimizi sevməyi, qorumağı tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə