Nağıllar bizə uşaqlıq dövründən yüksək mənəvi-tərbiyəvi keyfiyyətlər aşılamaqla yaxşılıq etməyi öyrədib. Bu gün təqdimat mərasiminə toplaşdığımız kitab uşaqların həyatında xüsusi əhəmiyyət kəsb edir. Türk dünyasının vəhdəti, birlik və bərabərliyi üçün uşaqlarda müəyyən bir fikirlərin yaranması sevindiricidir. Uşaqlar yeni nəşrdə yer alan türk dünyasının nağılları ilə tanış olarkən bizim adət-ənənələrimizi, bir-birinə yaxın mədəniyyətimizi yaxından öyrənə biləcəklər.
SİA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Xalça Muzeyində “Türk dünyasının nağıl bağı” adlı kitabın təqdimat mərasimində söyləyib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası və TÜRKSOY-un birgə layihəsi əsasında çap olunan kitabın önəmini qeyd edən nazir deyib: “Bu gün ölkəmizdə kitab nəşri Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son illər nəşr edilən kitablar kitab fondlarımızı, kitabxanalarımızı zənginləşdirir. Hər bir qurum bu sahədə üzərinə düşəni etməlidir. Bu günədək ölkəmizdə uşaqların zehni və mənəvi inkişafı üçün bir sıra kitablar nəşr edilərək onların ixtiyarına verilib. “Türk dünyasının nağıl bağı” kitabı da uşaqların mənəvi, əqli və psixoloji inkişafı üçün nəzərdə tutulmuş ən ümdə layihələrdəndir. Layihənin türk xalqları arasında mədəni və mənəvi əlaqələri genişləndirməklə yanaşı, uşaq folklorunun da gələcək nəsillərə çatdırılması baxımından müsbət nəticə verəcəyinə ümidliyəm”.
Rəhbərlilik etdiyi qurumun dəstəyi ilə ərsəyə gələn kitabın əhəmiyyətini qeyd edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, yeni nəşr uşaqların dünyagörüşünə fayda verməklə onların türk dünyasının mədəniyyətini, folklorunu daha da dərindən mənimsəmələrinə şərait yaradacaq.
O deyib ki, layihənin reallaşdırılmasında məqsəd türk xalqlarının bədii təfəkküründən, zəngin təxəyyülündən, fəhmindən, duyumundan doğan, həmişəyaşarlıq hüququ qazanan kamil ağız ədəbiyyatı nümunələrini nağıllar vasitəsilə yaşatmaqdır.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov belə bir kitabın ərsəyə gəlməsinin ortaq dəyərlərə verilən ən ali qiymət olduğunu qeyd edib. Akademik vurğulayıb ki, türk dünyasının nağıllarının vahid kitab halına salınması, eyni zamanda, türk dünyasının ağız ədəbiyyatını yaşatmaqdır. Bildirilib ki, türk xalqlarının sosial, iqtisadi və mədəni həyatı ilə yaxından tanış olmağa şərait yaradacaq “Türk dünyasının nağıl bağı” kitabı, eyni zamanda, balacaların intellektinin inkişafına da müsbət təsir göstərəcək.
Tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova kitabın işıq üzü görməsində onlara yaxından köməklik göstərən bütün qurumlara minnətdarlığını bildirib.
Sonra qonaqlar kitabda yer alan rəsmlərdən ibarət sərgi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə