“Abbas Səhhət. Biblioqrafiya” kitabı təqdim edilib FOTO

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Abbas Səhhətin həyat və yaradıcılığına həsr olunan “Abbas Səhhət. Biblioqrafiya” kitabı və “Abbas Səhhət” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. Kitab F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyasından tərtib edilib.

SİA-nın məlumatına görə, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təqdim edilən kitabın Respublika Uşaq Kitabxanası tərəfindən 3 il ərzində hazırlanan dördüncü biblioqrafiya olduğunu söyləyib. Bildirib ki, gərgin əməyin gözəl nəticəsi olan kitab elmə, ədəbiyyata, xalqa xidmətdir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova kitab haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhhət Mehdizadənin həyat və yaradıcılığına həsr olunmuş bu biblioqrafiyada şairin qələmə aldığı bütün əsərlər və onun haqqında yazılan materiallar öz əksini tapıb.

Diqqətə çatdırıb ki, ədibin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən 224 səhifəlik biblioqrafik göstəricidə 1904-2016-cı illərdə dərc olunan materiallar əks olunub. Dörd hissədən ibarət göstəricidə 1101 adda əsərin biblioqrafik təsviri verilib. Onların içərisində 3 filmoqrafiya və 10 əsas arxiv materialları və əlyazmaları öz əksini tapıb. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Ş.Qəmbərova kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürün bildirib.

Kitabın “Ön söz”ünün müəllifi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli bildirib ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan biblioqrafiya faktların yeniliyi, istinad edilən qaynaqların zənginliyi baxımından geniş və əhatəlidir. Qeyd edib ki, vətənə, millətə sədaqət nümunəsinə çevrilmiş şairin ilk dəfə nəşr olunan biblioqrafik göstəricisi kitabxanaşünaslıq mədəniyyətimizdə mühüm əhəmiyyət kəsb etməklə yanaşı, elmi-ədəbi ictimaiyyət üçün də dolğun, mükəmməl və sanballı töhfədir.

Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov biblioqrafiyanı qiymətli əsər adlandırıb. O, biblioqrafik göstəricini toplayıb ərsəyə gətirməyin çox zəhmət tələb etdiyini bildirərək, kitabın poliqrafik cəhətdən də keyfiyyətlə hazırlandığını söyləyib.

Təqdimatda çıxış edən Bakı Dövlət Universitetinin (BDU) biblioqrafiya kafedrasının müdiri Nadir İsmayılov, professorlar Alxan Bayramoğlu, Zahid Xəlil, tənqidçi Füzulu Əsgərov, Rafiq Yusifoğlu, uşaq yazıçısı Qəşəm İsabəyli və digərləri bildiriblər ki, biblioqrafiya Abbas Səhhət yaradıcılığına verilən yüksək qiymətin göstəricisidir.

Tədbirdə “Abbas Səhhət” elektron məlumat bazası da təqdim edilib, Abbas Səhhətin yaradıcılığını əks etdirən kitab sərgisi nümayiş olunub.

loading...