Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Xətai Sənət Mərkəzində Bakı məktəblilərinin rəsmlərindən ibarət sərgi təşkil edib. SİA-nın məlumatına görə, "Hər çiçəyin öz ətri var" adlı sərgi Multikulturalizm ilinə həsr olunub.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət Xadimi Şəhla Qəmbərova bildirib ki, bugünkü sərgi qeyri-adidir: o, Azərbaycanda yaşayan xalqların nağıllarına həsr edilib. Bakı məktəbliləri müsabiqəyə çoxlu rəsm təqdim ediblər. Onlar bu rəsmləri ölkəmizdə yaşayan milli azlıqların nağıllarının motivləri əsasında çəkiblər. Münsiflər heyəti 85 məktəblinin Azərbaycan, rus, Ukrayna, avar, ləzgi, yəhudi və digər xalqların nağıllarının motivləri əsasında çəkdiyi 127 rəsm əsərini seçib. Həmin əsərlər ekspozisiyada təqdim edilib.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Xalq Rəssamı, uşaq kitablarının illüstratoru, professor Arif Hüseynov seçim prosesinin necə getdiyindən danışıblar.
Arif Hüseynov bildirib ki, uzun illər nağıllara illüstrasiyalar çəkib və bu mövzu onun üçün maraqlı və aktualdır. O, istedadlı uşaqları özünün məktəb studiyasına dəvət edib. Uşaqlar burada bu maraqlı peşənin əlifbasını öyrənib, vaxtı çatanda bu peşəyə yiyələnə bilərlər.
Sərginin açılışında ekspozisiyadakı ən yaxşı işlərin daxil olduğu kataloqun təqdimatı da olub.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, mədəniyyət mərkəzlərinin və səfirliklərin nümayəndələri iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Lətifə Məmmədova uşaqları ilk sərgiləri münasibətilə təbrik edərək onlara uğurlar arzu edib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi Ziba Məmmədova Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərovaya Fəxri fərman və üzərində "Azərbaycan Ombudsmanı" sözləri həkk olunmuş, Azərbaycanın Dövlət himni səslənən medal hədiyyə edib.
Sonra defile olub. Bakı məktəbliləri Azərbaycan musiqisinin sədaları altında Azərbaycan xalqlarının rəngarəng milli kostyumlarını təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə