“Abdulla Şaiq. Biblioqrafiya” kitabı və “Abdulla Şaiq”

"Abdulla Şaiq. Biblioqrafiya" kitabı və "Abdulla Şaiq" elektron məlumat bazasının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbir uşaq ədəbiyyatının klassiki, görkəmli şair, nasir, dramaturq Abdulla Şaiqin mənzil-muzeyində təşkil olunub.

Muzeyin direktoru Ülkər Talıbzadə bildirib ki, kitabı və elektron məlumat bazası F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən "Uşaq ədəbiyyatı xəzinəsi" seriyası çərçivəsində tərtib və nəşr edilib. Biblioqrafiyada ədibin 1906-2016-cı illərdə dərc edilmiş əsərləri və onun haqqında yazılan materiallar öz əksini tapıb.

Bildirilib ki, biblioqrafiyanın tərtibçiləri Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova, ixtisas redaktoru və buraxılışa məsul Şəhla Qəmbərova, redaktoru Gülbəniz Səfərəliyeva, "Ön söz"ün müəllifi Alxan Bayramoğlu, rəyçiləri Kərim Tahirov və Ülkər Talıbzadədir.

Tədbirdə vurğunşünas alim, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, AMEA-ın Nizami adına Ədəbiyyat Muzeyinin əməkdaşları Solmaz Həyatova, Nəzakət Qafqazlı və başqaları kitabın əhəmiyyətindən danışıblar.

Vurğulanıb ki, kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tədbirdə məktəblilərin ifasında A.Şaiqin yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonda kitabın tərtibçilərinə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri diplomları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə