“Uşaq Kitab Karvanı Şimal bölgəsində” FOTO

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2016-cı il – "Multikulturalizm İli"nə həsr olunan "Uşaq Kitab Karvanı Şimal bölgəsində" səyyar kitab sərgilərini Quba rayonunda davam etdirib. SİA-nın verdiyi xəbərə görə, bayram tədbiri kitabxana qarşısında təşkil olunub. Tədbiri Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov giriş sözü ilə açaraq, Kitab Karvanını qarşılayan Quba rayonunun əsl həqiqətdə multikulturalizmin məkanı olduğunu qeyd edib.

Daha sonra çıxış edən nümayəndələr kitabın, mütaliənin əhəmiyyətindən danışaraq, uşaqlar üçün gətirilən ədəbiyyatın onların gələcəkdə müstəqil Azərbaycanımıza layiq bir vətəndaş kimi böyüməsindən, dünyagörüşlərinin formalaşmasındakı rolundan danışıblar. Bayram tədbirində azyaşlı uşaqlar və məktəblilər iştirak edib. Uşaqlar tədbirdə öz sevimli yazıçıları ilə görüşüblər. Şən musiqi sədaları altında keçən tədbirdə uşaqlar şeirlər söyləyib, mahnılar ifa ediblər. Tədbir iştirakçıları səyyar kitab sərgiləri ilə tanış olublar, meydanda təşkil olunmuş Nağıl saatına tamaşa ediblər, yaradıcı heyət uşaqların əl işlərinə baxıblar. Məktəbəqədər uşaqların rəqsləri tədbirə xüsusi bir rəng qatıb. Tədbirdən sonra uşaqlarla "Ən yaxşı nağıl bilicisi" adlı müsabiqə keçirilib. Müsabiqədə daha çox xal qazanan oyunçu- qalib müəyyən edilib, "Nağıl bilicisi" medalını Quba rayon 1 saylı məktəbin VIII sinif şagirdi İbrahimov Müseyib qazanıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla xanım qalibə kitabxananın təsis etdiyi "Göy qurşağı" uşaq jurnalının bir il pulsuz hədiyyə olaraq veriləcəyini bildirib. Digər fərqlənən iştirakçılara da kitabxana tərəfindən hədiyyələr verilib. Tədbirdə uşaqlar yazıçılarla sıx təmasda olublar, onları maraqlandıran suallara cavab alıblar. Tədbir kitab sərgilərinin nümayişi ilə başa çatıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən verilən hədiyyə kitab bağlamalarını Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov qəbul edib. Hədiyyə kitabları içərisində azsaylı xalqların mədəniyyətini özündə əks etdirən uşaq ədəbiyyatı nümunələri də olub. TİKA-nın Azərbaycandakı nümayəndəliyindən Quba Mərkəzi Kitabxanasının uşaq şöbəsinə çoxlu sayda kitab hədiyyə olaraq göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə