Kiyevə hücumlar yenidən başladı

Ukraynanın paytaxtı Kiyevdə hücumlar nəticəsində partlayışlar baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Rusiya qüvvələrinin səhər erkən hücumlarda kamikadze dronlardan istifadə etdiyini açıqlayıb.

Hücumlar nəticəsində bir qadının öldüyü, üç nəfərin yaralanaraq xəstəxanaya aparıldığı, bir nəfərin isə hələ də dağıntılar altında olduğu açıqlanıb.

Ukrayna Baş Qərargahı bazar günü axşam saatlarından etibarən Rusiyaya məxsus 37 pilotsuz təyyarənin vurulduğunu və silahların 85 faizinin zərərsizləşdirildiyini qeyd edib.

Ukraynanın əks hücuma keçməsindən sonra ələ keçirdiyi torpaqları qismən itirən Rusiya rəhbərliyi yenidən paytaxt Kiyevə zərbə endirib.

Qeyd edək ki, oktyabrın 10-da paytaxt Kiyev də daxil olmaqla 41 fərqli nöqtəni raketlərlə vuran Moskva bu dəfə kamikadze dronlardan istifadə edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə