ÜST G7 dövlətlərinin dünyanın yoxsul ölkələrinə peyvənd çatdırılmasına dair vədlərindən narahatdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Böyük yeddilər“in (G7) dünyanın yoxsul ölkələrinə peyvənd çatdırılmasına dair vədlərini qeyri-qənaətbəxş hesab edərək tənqid edib.
SİA xəbər verir ki, təşkilatın baş direktoru Tedros Qebreyesus elan edilmiş bir milyard peyvənd dozasının mümkün qədər qısa zamanda təhvil verilməsinə tərəfdar olduğunu bildirib. O qeyd edib ki, vəd verilən kontingent böyük kömək olsa da, hazırda daha çox peyvəndə mümkün qədər tez zamanda tələbat var. Çünki hər gün azı 10 min insan koronavirusla əlaqədar həyatını itirir, insanlara peyvənd indi lazımdır, onlar gələn ili gözləyə bilməyəcəklər. Dünyanın inkişaf etmiş sənaye ölkələrində genişmiqyasli vaksinasiya kampaniyaları sayəsində həyat tədricən normal axarına döndüyü halda, zəif inkişaf etmiş regionlarda peyvənd qıtlığı hökm sürür.
Qeyd edilməlidir ki, ÜST gələn il Almaniyada keçiriləcək növbəti “G7” zirvə toplantısına kimi dünya əhalisinin ən azı 70 faizinin koronavirus əleyhinə peyvənd olunmasını hədəfləyir. T.Qebreyesusun sözlərinə görə, bunun üçün 11 milyard peyvənd dozası tələb olunur: “G7” və “G20” bu hədəfə nail olmalıdır”.
”G7” ölkələri tərəfindən vəd edilən peyvənd dozalarının əksər hissəsi dünyada peyvənd paylanmasını ədalətli şəkildə həyata keçirməli olan COVAX təşəbbüsü üçün nəzərdə tutulub. İndiyədək COVAX çərçivəsində dünyanın 131 ölkəsinə ümumilikdə 87 milyon peyvənd dozası çatdırılıb. Bu isə ümid edildiyindən dəfələrlə aşağı göstəricidir.

Bütün xəbərlər Facebook səhifəmizdə