Omanda neft sızdıran tankerin xilasetmə əməliyyatı başladı

Omanda neft sızdıran tankerin xilasetmə əməliyyatı başladı

Oman sahillərində qəzaya uğrayaraq neft sızdıran Caroline Bezengi tankerində xilasetmə və çirklənmənin qarşısını almaq üçün əməliyyata başlanılıb. Əməliyyata dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Ambrey şirkəti rəhbərlik edir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkətin məlumatında, beynəlxalq neft sızmalarına cavab verən ixtisaslaşmış qruplar, xüsusi xilasetmə gəmiləri, təyyarələr və təxminən 100 ton avadanlıq hadisə yerinə cəlb olunub. Əməliyyatın əsas məqsədi tankeri sabitləşdirmək və ətraf mühitə dəyən zərəri minimuma endirməkdir.

Bununla yanaşı, Greenpeace təşkilatı peyk görüntülərinə əsasən bildirib ki, neft ləkəsi son həftələrdə sürətlə genişlənərək təxminən 1 300 kvadrat kilometr ərazini əhatə edib. Sızma Omanın Hallaniyat arxipelaqı yaxınlığındakı dəniz qoruğu və nadir dəniz canlıları üçün ciddi təhlükə yaradır.

Mütəxəssislərin sözlərinə görə, bölgədə davam edən musson küləkləri və əlverişsiz hava şəraiti xilasetmə işlərini xeyli çətinləşdirir. Oman hökuməti isə balıqçılara təhlükəli zonadan uzaq durmağı tövsiyə edib və dəniz ekosisteminə təsirləri izlədiyini açıqlayıb.

Qeyd edək ki, Caroline Bezengi tankeri iyun ayında naməlum partlayışdan sonra zədələnərək Oman sahillərində saya oturmuşdu. Gəmidə təxminən 800 min barel Rusiya mənşəli xam neft olduğu bildirilir. Hadisənin səbəbi hələ də rəsmi olaraq müəyyən edilməyib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə